NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Azadlıq” radiosunun Brüssel müxbirinə müsahibəsində Alyansın Ermənistan, Azərbaycan və Moldova ilə əməkdaşlığı məsələsindən danışıb.
Appaturay bildirib ki, bu ölkələrlə əməkdaşlıqda onların razılığı olmadan hər hansı tədbir görülməyəcək. "Biz anlayırıq ki, bunlar fərqli-fərqli ölkələrdir, istədikləri fərqlidir, müxtəlif orientasiyaları var. Amma onları birləşdirən cəhət ondan ibarətdir ki, bizim onların hər üçü ilə əməkdaşlıq razılaşmamız var və həmin razılaşmaların yenilənmə vaxtı gəlir. Biz indi onlara nə təklif edə bilərik? Məsələn, daha yüksək səviyyədə siyasi dialoq, daha çox siyasi məsləhətləşmə. İkincisi, onların hərbi sahədə transformasiyasına dəstək”, - deyə xüsusi nümayəndə qeyd edib.
Konkret olaraq Ermənistana və Azərbaycana gəldikdə, Appaturay deyib ki, Gömrük İttifaqına qoşulmasına baxmayaraq, Ermənistan NATO ilə əməkdaşlığı zəiflətməyib: "Biz müdafiə sahəsində transformasiya işində onlara dəstək vermək istəyirik, onlar da bunu istəyir. Azərbaycanın enerji kimi sahələrdə maraqları var. Azərbaycan bizə əməliyyatlarda da dəstək verir və biz buna görə ona minnətdarıq. Bu baxımdan biz enerji təhlükəsizliyi kimi məsələləri nəzərdən keçirə və həm də baxa bilərik ki, görək, daha nələr etmək olar”.
Appaturay qeyd edib ki, indi əsas prioritet Moldovadır. Moldova NATO-dan kömək istəyib və Alyans ona təhlükəsizliyini təmin etməkdə kömək göstərəcək.
NATO təmsilçisi bildirib ki, artıq sözügedən ölkələrin Brüsseldəki səfirlərinə "hansı sahələrdə yardım qəbul etmək istəyərlər” deyə müraciət edilib. NATO sözügedən ölkələrlə əməkdaşlığı yaxın aylarda yeniləyə bilər.
Appaturayın bildirdyinə görə, NATO-nun 1200-ə qədər əməkdaşlıq layihələri var. Onların arasından hansılarsa seçilə bilər.
Ermənistan, Azərbaycan və Moldovanın NATO-ya üzv olmaq perspektivi barədə suala Appaturay belə cavab verib ki, bu üç dövlətin heç biri buna can atmır. "Moldova neytraldır. Ermənistanın alyansa qoşulmaq istəyi yoxdur. Bildiyimə görə, Azərbaycanda da belə istək yoxdur. Moldovanın istədiyi odur ki, Rusiya tərəfdən təzyiq hiss etdiyi üçün ona təcili köməklik göstərilsin. Rusiya ona təzyiq edir ki, Avropa yönlü siyasətini dəyişdirsin. Bu həm hərbi təzyiqdir, həm qazı kəsmək hədəsi. Bu, Rusiyada yaşayan moldovalıları oradan çıxarmaq təhdidir. Bu, Moldovanın Rusiya bazarlarına çıxışını kəsmək hədəsidir. Bu, realdır”, - deyə NATO təmsilçisi qeyd edib.
.
