“Avropa İttifaqının (Aİ) müdafiə sahəsi ilə bağlı artan səylərini alqışlayıram”.

Bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO uzun illərdir Avropadan olan müttəfiqlərini müdafiə sahəsinə daha çox sərmayə yatırmağa, eyni zamanda daha yüksək bacarıqlar və imkanlar təqdim etməyə çağırır.

Baş katib qeyd edib ki, bu məsələdə hər hansı yeni strukturlara ehtiyac yoxdur.

“Bizim Transatlantik Alyansımız təhlükəsizliyimizin təməl daşı olaraq qalır. Daha rəqabətli bir dünya ilə üzləşdiyimiz üçün Avropa və Şimali Amerika NATO-da birgə şəkildə güclü olmağa davam edəcək”, - Y. Stoltenberq vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası təşkilatın öz hərbi bölməsini yaratmaq təklifi ilə çıxış edib.

Stoltenberq: “Rusiya Ukraynanın NATO-ya daxil olmasına mane ola bilməyəcək”

“Rusiya Ukraynanın NATO-ya üzv olmasından ehtiyat etməməlidir”.

Bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçirilmiş iki günlük iclasının yekunlarına dair mətbuat konfransında NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib fikrini onunla əsaslandırıb ki, NATO müdafiə alyansıdır.

Y. Stoltenberq əlavə edib ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına mane ola bilməyəcək.

Onun sözlərinə görə, bu barədə qərarı Kiyev və alyansa üzv olan dövlətlər verir: “Heç bir digər ölkənin buna qarışmaq hüququ yoxdur. Ukrayna müstəqil və suveren dövlətdir, inkişaf istiqamətini özü seçmək hüququna malikdir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ müdafiə naziri Lloyd Ostinin Kiyevə səfər etməklə, Ukraynanın NATO-ya qapılarını açdığını bildirmişdi.

.