AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan saatı» proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub.
Natiq Ədilovun "Azadlıq" radiosuna verdiyi məlumata görə, hadisə avqustun 11-i axşam saatlarında baş verib: "Qardaşım əkin-biçinlə bağlı səhər evdən çıxıb, ondan bir qədər sonra bizim kənddəki ata evimizə 20-ə yaxın silahlı polis basqın edib. Evdə axtarış aparmağa başlayıblar... Biz gün ərzində qardaşımın harada olduğunu öyrənə bilmədik. Avqustun 12-si səhər mən rayon polisində getdim. Dedilər o, Bakıdan gələn Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə yerli polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Bakıya aparılıb. İndi mən Bakıya qayıdıram, bu saata qədər onun harada saxlandığı bəlli deyil, onu vəkillə təmin edə bilmirik..."
N.Ədilov qardaşının ötən il də eyni ittihamla saxlandığını və bir neçə gün sonra sərbəst buraxıldığını yada salıb.
Daxili İşlər Nazirliyi AXCP üzvü Natiq Ədilovun qardaşının həbsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.
M.Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
E.Zahidov deyib ki, M.Ədilovun həbsinə siyasi don geyindirmək doğru deyil: "Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”.
.
