Meyxanaçı Namiq Qaraçuxurlu son günlər haqqında yayılan şayiələrə münasibət bildirib.
 
Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu tədbirlərin birində mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Yaradıcılıq işlərindən danışan meyxanaçı Almaniyaya yola düşdüyünü açıqlayıb: "Ayın 19-da Moskvaya, oradan da Almaniyaya gedirəm. Klip çəkdirəcəm. Yəqin dekabrın 1-də vətənə qayıdacam. Özümü ilk dəfə rejissor kimi sınayacam. Dekabrın sonuna qədər klipi təqdim etməyi düşünürəm”.
 
 Namiq Qaraçuxurlu həmkarı Pərviz Bülbülənin onu özünə rəqib görmədiyini deməsinə münasibət bildirib:  "Pərviz mənim dostumdur. Nə dediyini bilmirəm, amma münasibətimiz gözəldir. Mehman Əhmədli ilə də münasibətimiz çox yaxşıdır. Hər birimizin özümüzə görə sənətimiz var. Meyxanaçıların mənə qarşı pis münasibətinin yaranmasını düşünmürəm. Onlar mənim dostlarımdır. Mehmandan başqa hamısı ilə çiyin-çiyinə vuruşmuşuq. Bütün meyxanaçılar məni çox istəyirlər. Dörd-beş meyxanaçı daha çox tanınır. Onlardan Pərviz Bülbülə,  Rəşad Dağlı, Vüqar Biləcərili, Orxan Lökbatanlının adını çəkə bilərəm”.
 
N.Qaraçuxurlu xalq artisti Aygün Kazımovanın bağ evini əlindən alması xəbərindən də danışıb: "O, mənə xas  olmadığına görə bu haqda açıqlama vermək istəmirəm. Axıra qədər də özümüzü və xarakterimi qoruyacam”.
 
"Aygün xanımla dostluq münasibətiniz davam edirmi?” sualına isə meyxanaçı "Bu barədə danışmaq istəmirəm” deyə cavab verib.
Yenizaman.az
.