Əməkdar  artist Naibə Allahverdiyeva evləndikdən sonra ilk dəfə mətbuata danışıb. O, həyat yoldaşı Yusif bəylə tanışlığı və şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib.

 

Yenizaman.az Teleqraf.com-a istinadla Naibə Allahverdiyeva ilə müsahibəni təqdim edir:

 

- Naibə xanım, bir neçə ay öncə mətbuatdan gizli evləndiniz. Sizi təbrik edirəm. Evlilik necə gedir?

 

- Evlilik, şükür Allaha, yaxşı gedir. İllərdir tənha idim. Qəlbimdə boşluq vardı. Yusif həyatıma elə bir vaxtda gəldi ki, hər şeyə marağımı itirmişdim. Düşünürdüm ki, səhnəyə çıxdım – alqışladılar, istədim – evim oldu. Sonra?

 

Məni Azərbaycanın 90 faizi tanıyır, sevənlərim var. Amma özümü bu dünyada çox tənha hiss edirdim. Qadın üçün ailə hər şeydən önəmli imiş. Yusif mənim tənhalığımı doldurdu.

 

- Yusif bəylə necə tanış olmusunuz?

 

- Yusif bəy restoranda işləyirdi. Mən onun işlədiyi şadlıq sarayına xınayaxdı mərasiminə getmişdim. Orda dedim sizin rəhbəriniz hardadır? Qapı açılanda gördüm Yusif əyləşib. Məni xoş qarşıladı. Dedim Siyəzəndən gəlirəm, acımışam, yeməyə nə var? Mənə yemək, çay gətirdilər. O, heç üzümə də baxmırdı. Xınayaxdı bitdikdən sonra dedim sizdə xınayaxdı mərasimləri çox olurmu? Məni də dəvət edin. Nömrəmi götürdü, amma əlaqə saxlamadı. Sonra bir gün zəng etdim ki, xınayaxdı varmı? Xınayaxdının az olduğunu və olanda çağıracağını dedi.

 

Bir müddətdən sonra yenə zəng etdi və başqa restoranda fəaliyyətə başladığını dedi. Söhbət əsnasında nəsə soruşdum. Cavab verdi ki, subay adam necə olmalıdır? Təəccübləndim. Dedi həyat yoldaşımdan ayrılmışam, mənimlə evlənən kimdir? Mən də qayıtdım ki, mən evlənərəm (gülür). Bizim sevgi hekayəmiz belə başladı…

 

- Qızınızı evdə görmədik. Sizinləmi yaşayır, evlənməyinizə etiraz etdimi?

 

- Xeyr, qızım evlənməyimə etiraz etmədi. Müasir düşüncəli qızdır, onu hansı əziyyətlə böyütdüyümü görür. İndi də mənimlə yaşayır.

 

- Gözəl və ağıllı qızınız var, elçiləri var?

 

- Bəli, elçiləri çoxdur, amma ərə getmək istəmir. Dünyanı gəzmək, təhsilini davam etdirmək, karyera sahibi olmaq istəyir. Keçən gün rəfiqəm dedi bir oğlan var, Türkiyədə təhsil alır, çox yaxşı ailəsi var. Qızım razı olmadı ki, sən mənim hüquqlarımı pozursan. Gələcək həyat yoldaşımı özüm seçməliyəm.

 

- Yusif bəy sizi qısqanırmı?

 

- Yusif qısqanc insandır, amma onu göstərmir. Bir dəfə elə qısqanclıq etdi ki, mənə gülməli gəldi. Düşündüm ki, bunun nəyinə qısqandı? Mənə heç nə demir, amma gözlərindən, danışığından nə demək istədiyini hiss edirəm. Əslində, qısqanması üçün şərait yaratmıram. Çünki dəliqanlı adamdır, əsl Azərbaycan kişisidir. İnsanlar bizi özlərinə yaxın bilirlər. Amma çalışıram yoldaşımın yanında heç kimin üzünə baxmayım. Həyat yoldaşım mənim üçün hər kəsdən artıqdır. Hər zaman onun başını uca etmək istəyirəm.

 

- Yusif bəydə sizi nə cəlb etdi?

 

- Mənə baxmaması... Mənə deyir səni televiziyada görəndə həsrətlə baxırdım. Bir hadisəni danışım: deməli, 10-15 il əvvəl mənimlə şəkil çəkdirmək istəyib, amma razı olmamışam. Çox qəribədir ki, hər kəslə şəkil çəkdirirəm, amma onunla çəkdirməmişəm. Buna görə çox pis olub. Mən ona deyəndə səninlə evlənərəm, bir anlıq şok olub.

 

- Hər ikiniz yaşınızı göstərmirsiniz. Yusif bəylə yaş fərqiniz varmı?

 

- Xeyr, həmyaşıdıq.

 

- Bir qızınız var. İkinci nikahınızdan da övladınızın olmasını düşünürsünüzmü?

 

- Bu yaşda... Əslində, hər ikimiz uşaq istəyirik, amma övladlarımız var. Gəncliyimdə bu sevgini, məhəbbəti yaşamamışam. Çox əziyyət çəkmişəm. Qızımı böyütdüm, həyatımı ona sərf elədim. Onun yaxşı, təhsilli, tərbiyəli böyüməsi üçün əlimdən gələni elədim, ev aldım. Yəni sevgi yaşamadım. İndi isə yaşamaq, dincəlmək istəyirəm. Yenidən həyatımı uşağa sərf eləmək yox. Amma uşaq istəyərdim. Maraqlı olardı.

 

- Yusif bəyin birinci nikahından övladları var, evliliyinizi necə qarşıladılar, münasibətiniz necədir?

 

- Onun çox yaxşı övladları var. Onların da xoşbəxt olmaqlarını istəyirəm. Valideynlərin ayrılmasında övladın günahı yoxdur. Amma həmişə övlad bundan əziyyət çəkir. Amma neyləmək olar? Həyatdır… Mənim də atam anamdan ayrılıb. Amma heç vaxt analığıma nifrət etməmişəm. Çünki sabah kimin başına nə gələcəyini bilmək olmaz. Bununla belə heç kimin ailəsini dağıtmamışam. Yusif həyat yoldaşından iki il əvvəl ayrılıb. Həmişə məscidə gedərkən özüm, balam üçün dua edəndə Yusfin övladları üçün də dua edirəm.

 

Gələcəkdə necə olacağını bilmirəm. Amma var gücümlə ailəmi qorumağa çalışıram. Mənim üçün ailə hər şeydən vacibdir. Neçə ildən sonra evləndim – bu, Allahım qismətidir.

 

– Sizə xoşbəxtlik arzu edirik.

 

– Çox sağ olun.

 

Rəqsanə




.