12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilib ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
O da bildirilib ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək.
Eyni zamanda, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb.
.
