Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətlərdə yeni mərhələnin başlamadığını bildirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, Giorgi Zurabaşvilinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndə təyin edilməsi mövcud iş mexanizmləri ilə yanaşı, bu istiqamətdə ayrıca nümayəndəyə ehtiyac duyulması ilə bağlıdır.

Baş nazir qeyd edib ki, Gürcüstanın Rusiya ilə münasibətlərində üç əsas istiqamət üzrə işi davam edir: münaqişənin sülh yolu ilə həlli, humanitar əlaqələrin qorunması və ticarət-iqtisadi münasibətlərin inkişafı.

Onun sözlərinə görə, İsveçrənin Gürcüstandakı səfirliyində fəaliyyət göstərən müvafiq bölmə və Cenevrə danışıqları formatı öz işini davam etdirir. Bununla yanaşı, hökumət Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndənin təyin edilməsini zəruri hesab edib.

Kobaxidze xüsusi nümayəndənin təyin edilməsinin bəzi Gürcüstan şirkətlərinin məhsullarına Rusiyada tətbiq olunan məhdudiyyətlərlə bağlı olub-olmadığı barədə suala mənfi cavab verib. O, ticarət məsələlərinin əhəmiyyətini vurğulasa da, bunun qərarın əsas səbəbi olmadığını bildirib.

Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası məsələsinə toxunan baş nazir qeyd edib ki, bu istiqamətdə mövcud maneələr aradan qalxmayıb və rəsmi Tbilisinin mövqeyi dəyişməyib.

.