İsveçrənin müdafiə naziri Tomas Zyussli ölkəsinin özünü tammiqyaslı hücumdan qorumaq qabiliyyətində olmadığını bildirib.

Bu barədə "Reuters" "Neue Zürcher Zeitung"a (NZZ) istinadən məlumat yayıb.

Nazir bildirib ki, buna görə də ölkə Rusiya tərəfindən artan risklər fonunda hərbi xərclərini artırmalıdır.

Onun sözlərinə görə, İsveçrə kritik infrastruktura "qeyri-dövlət aktorları" tərəfindən edilən hücumlara, eləcə də kiberhücumlara hazırdır, lakin silahlı qüvvələr hələ də ciddi texniki çatışmazlıqdan əziyyət çəkir:

"Biz məsafədən təhdidləri, xüsusilə də ölkəmizə qarşı tammiqyaslı hücumu dəf etmək iqtidarında deyilik. Etiraf etmək çətindir ki, real fövqəladə vəziyyətdə bütün hərbçilərin yalnız üçdə biri tam təchiz olunmuş olardı".

Nazir qeyd edib ki, ölkədə orduya münasibət, Ukraynada müharibə və Rusiyanın Avropadakı vəziyyəti destabilizə etmək cəhdlərinə baxmayaraq, demək olar ki, dəyişməyib (silahlanmaya kəskin ehtiyac hissi yoxdur - red.).

O bunu İsveçrənin münaqişədən uzaq olması, ölkənin döyüş təcrübəsinin olmaması və digər məsələlər ilə əlaqələndirib.

.