Noyabrın 17-də Müsavat Gənclər Təşkilatına sədr postuna seçkilər keçiriləcək. Sədrliyə 3 nəfər namizədliyini irəli sürüb: Nurlan Əliyev, Əhliman Abbasov və Rüfət Hacıbəyli.
Bundan əvvəl keçirilən seçkidə olduğu kimi, bu dəfə də partiyada seçki qalmaqalı yaranıb. Qalmaqal sədrliyə namizəd Əhliman Abbasovun tərəfdarları ilə Rüfət Hacıbəyli arasında baş verib. Belə ki, Ə.Abbasovu dəstəkləyənlər R.Hacıbəylinin perspektivsiz olduğunu deyirlər. Onlar iddia edirlər ki, Rüfət Hacıbəylinin ali təhsili belə, yoxdur, onun oxuduğu Qərb Universitetindən qovublar. Gənclər Əhliman Abbasovun xaricdə təhsil aldığına görə bir neçə xarici dil bildiyini, R.Hacıbəylidə isə bu keyfiyyətlərin olmadığını iddia edirlər.
Baş verənlərlə bağlı Modern.az-a danışan MGT sədrliyinə namizəd Rüfət Hacılbəyli onun təhsilinin olmadığı ilə bağlı deyilənləri cəfəngiyat adlandırıb:
"Ali təhsilim var. 2005-ci ildə Qərb Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuşam. 2010-cu ildə 4-cü kursun birinci semestrində ailəmdə olan çətinliklərə görə universitetə müraciət edib, təhsilimi dayandırmışam. Çünki illik ödəniş çox idi. Əvvəl universitetdən çıxmağımı evdə də bilmirdilər. Demək istəyirəm ki, qovulmamışam. Daha sonra fəaliyyətimi davam etdirmək üçün universitetə müraciət etdim, amma bunun ardınca həbs olundum. Azad olunduqdan sonra üzərimdə məhkumluq maddəsi var idi, o götürülməli idi. İndi isə hər şey qaydasındadır. Hazırda Təhsil Nazirliyi ilə danışıqlar gedir. Yaxın günlər universitetdə təhsilimi davam etdirəcəyəm. Sadəcə, bir problem var, mənim oxuduğum fakültə ləğv edilib. Nazirliklə bu məsələni həll etməyə çalışırıq”.
.
