
Müsavat Partiyası növbəti qalmaqalla çalxalanır.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, partiyada qurultaydan sonra yaşanan və qarşı duran tərəflərin bir-birinə sərt ittihamlar yağdırması ilə müşayiət olunan "saxta seçki” qalmaqalı səngiməmiş növbəti qalmaqal yaşanır.
Maraqlıdır ki, bu gərginliyin kökündə də saxtakarlıq ittihamı dayanır. Özü də bu dəfə tərəflərdən biri əvvəlki skandalda "oyunçu” yox, arbitr rolunda çıxış edən sabiq başqan İsa Qəmbərdir.
Söhbət noyabrın 26-da Müsavat rəhbərliyi tərəfindən verilən bəyanatdan gedir. Həmin bəyanatın saxta olduğu üzə çıxıb və bu da partiyada onsuz da gərgin olan əsəbləri bir qədər də tarıma çəkib. O bəyanat isə sabiq deputat, Müsavat Divanının üzvü İkram İsrafilin oğlu İsrayıl İsrafilin "hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması, polis tərəfindən təqib olunması” iddiası üzərində qurulmuşdu.
Müsavatdakı etibarlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, keçmiş başqan İsa Qəmbərdən faktiki olaraq gizli hazırlanıb yayılan bu sənəd partiyanı "qaynar qazan”a döndərib.
"Məsələnin mahiyyəti ondan ibarətdir ki, Müsavat Partiyasının başqanı Arif Hacılının müavini, əslində ən yaxın adamlarından biri olan Elman Fəttahın öz həmyerlisi və yaxın dostu İkram İsrafillə birgə saxta bəyanat hazırlayıblar. Bu addım təbii ki, Arif Hacılının icazəsi ilə, onunla razılaşdırılaraq atılıb. Bəyanatda İkram İsrafilin Londonda təhsil alan oğlunun hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldığı, polis tərəfindən izləndiyi deyilirdi. Bəyanat başqan Arif Hacılı tərəfindən imzalanıb və yayılıb. Belə bir bəyanatla çıxış etməkdə məqsəd sabiq deputatın oğlu İsrayıl İsrafilin xaricdə qalmasına və Qərb ölkələrinin birindən siyasi sığınacaq almasına kömək etmək olub. Axı "öz ölkəsində polis təqibinə məruz qalması” siyasi sığınacaq üçün müraciət edənlərin işinə yarayır” - deyə məlumatda deyilir.
Müsavatdakı mənbənin sözlərinə görə, belə bir bəyanatın verilməsi oğlunun Qərb ölkələrinin birində yerləşdirilməsinə çalışan İkram İsrafilin çoxdankı istəyi olub, lakin İsa Qəmbərin başqanlığı dönəmində belə bir sənədi hazırlayıb yaymaq mümkün olmayıb: "İndi isə vəziyyət dəyişib. İkram İsrafil həmyerlisi və dostu Elman Fəttahın köməyi ilə bu məqsədinə çatıb. Lakin bu məsələ sonradan partiya daxilində ciddi narazılığa səbəb olub. İkram İsrafilin oğlu 6 aydan çoxdur Londonda təhsil aldığı, Bakıda olmadığı və təbii ki, heç bir təzyiqə məruz qalmadığı halda belə bir bəyanatın verilməsi partiyada müzakirə mövzusuna çevrilib və suallar yaradıb.
Bəyanatda sabiq deputatın oğlunun NİDA-çıları dəstəklədiyi üçün təzyiqlərə məruz qaldığı, NİDA-çıların məhkəməsindən sonra polis bölməsinə aparılaraq orada döyüldüyü deyilirdi. NİDA-çılar isə hətta artıq azadlıqdadır. Yəni bu hadisə olubsa da çoxdan olub.
Partiya daxilində bir çox müsavatçıların bu bəyanata etirazı və sosial şəbəkələrdə aparılan qızğın müzakirələrdən sonra məsələ daha da böyüyüb. Arif Hacılının başqanlığını qəbul etməyən müsavatçılar partiya rəhbərliyini saxtakarlıqda ittiham etməyə başlayıblar. Vəziyyət kritik həddə çatdığından məsələyə keçmiş başqan İsa Qəmbər də müdaxilə etmək məcburiyyətində qalıb”.
Müsavatdakı mənbələrin bildirdiyinə görə, Arif Hacılı ilə İsa Qəmbər arasında bu mövzuda ciddi və sərt müzakirə olub: "İsa Qəmbər bu saxta bəyanata görə Arif Hacılını tənqid edib və izahat tələb edib. Gərginlik o həddə çatıb ki, İsa Qəmbər bir neçə gün hətta partiyanın qərargahına da gəlmədi”.
Xəbərlərə görə, hazırda Müsavat rəhbərliyi bu bəyanatın mətbuat və hüquq-mühafizə orqanları, xüsusilə də polis tərəfindən araşdırılacağından, yalanın ortaya çıxacağı təqdirdə biabır olacaqlarından narahatdır.
Arif Hacılının müavini və yaxın adamlarından biri Gülağa Aslanlının bu bəyanatla bağlı verdiyi tələm-tələsik açıqlama da həmin narahatlığın təzahürü kimi qiymətləndirilir. Maraqlıdır ki, G.Aslanlı İkram İsrafilin oğlunun indi yox, keçmişdə təzyiqlərə məruz qaldığını təsdiqləmişdi, demişdi ki, məqsəd İ.İsrafilə "diqqət çəkmək” olub.
Kimin diqqətini? Əgər bu təzyiqlər əvvəl olubsa, bəs onda bəyanat üstündən bir ildən çox keçəndən sonra niyə verilir?
Müsavat rəhbərliyi müsavatçıların məhz bu məntiqi sualları qarşısında aciz qalıb və ciddi narahatlıq keçirir.
Bu narahatlıq də əsassız deyil. Əldə etdiyimiz başqa bir məlumata görə, Daxili İşlər Nazirliyi bəyanatla bağlı araşdırmaya başlayıb. DİN-dən bəyanatı ilk yayan mətbuat orqanına müraciət olunub, məlumatın haradan əldə edildiyi soruşulub. Həmin saytdan isə bəyanatın partiyanın qərargahından redaksiyaya daxil olduğunu bildirilib.
Hazırda Müsavat Partiyasında bu məsələ ətrafında ciddi gərginlik var. A.Hacılının başqanlığını qəbul etmək istəməyən müsavatçıların əksəriyyəti yeni rəhbərliyi "heç iki ay çəkmədi saxtakarlığa başladı” ittihamı ilə tənqid edir və izahat istəyir.
.