
Yəqin xatırlayırsınız, 2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP 2 qola bölündü. Nəticədə mühafizəkarların rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) yarandı, digər bölünən tərəfə isə əvvəlki kimi Əli Kərimli rəhbərlik etməyə başladı. O vaxt baş verən parçalanmadan sonra Müsavat Partiyası KXCP-ni tanıdı...
Sentyabrın 27-də keçirilən qurultaydan sonra Müsavat Partiyası özü parçalanmaq həddinə çatıb. Müsavata yeni başqan seçilən Arif Hacılıdan narazı şəxslər partiya daxilində fraksiya yaradılması məsələsini də gündəmə gətiriblər.
Maraqlıdır, Müsavat parçalansa, AXCP həmin bölünən qanadın hansını tanıyacaq?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu barədə modern.az saytına açıqlama verib. Onun sözlərinə görə, AXCP hazırda belə məsələləri müzakirə etmir.
Partiya funksioneri bildirib ki, əgər Müsavatda bölünmələr olarsa, AXCP hansını tanıyıb-tanımayacağı haqqında o zaman qərar çıxara bilər: "Müsavat Partiyasının daxilində baş verənlər onların öz işidir. AXCP Müsavat Partiyasının daxili problemi ilə bağlı məsələlərə qarışmır. Hazırda bizim əsas hədəfimiz hakimiyyətə qarşı Milli Şura çərçivəsində mübarizə aparmaqdır. Müsavatın hansı qanadını tanıyıb-tanımayacağımız isə proseslərin gedişindən asılı olacaq”.
.