Məlum olduğu kimi, bu yaxınlarda Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının sammiti keçirilib. Bu tədbir çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında görüş olub.

Qeyd edək ki, bu, 2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması nəticəsində ölkələr arasında münasibətlərin korlanmasından sonra Rusiya və Azərbaycan liderlərinin ilk genişmiqyaslı görüş idi.

Putinlə Əliyev arasında hökumət iqamətgahında baş tutan görüş bir saata yaxın davam edib. Onların görüşü təkbətək keçirilib. Lakin görüşün protokol hissəsində Putin ən həssas mövzudan - ötən ilin dekabrında Azərbaycan Hava Yollarının Embraer 190 təyyarəsi ilə bağlı faciədən ətraflı danışıb. O bildirib ki, təyyarə qəzası ilə bağlı araşdırmalar yekunlaşmaq üzrədir və hazırda faciənin səbəblərini müəyyən etmək mümkündür.

Analitiklər qeyd edirlər ki, Bakı və Moskva ikitərəfli münasibətləri bərpa etməyə müvəffəq olublar. “Yeni Zaman” Partiyasının sədri Musa Ağayev də bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

- Musa müəllim, Azərbaycan və Rusiya prezidentlərinin oktyabrın 9-da Düşənbədə baş tutan görüşlə bağlı fikirlərinizi bölüşməyi xahiş edirəm. Siz iki ölkə arasında münasibətlərin gələcək inkişafını necə görürsünüz?

- Bəli, ölkələr arasında son vaxtlar gərginləşən münasibətləri nəzərə alsaq, prezidentlər arasında görüş, şübhəsiz ki, əhəmiyyətli idi. Məlum olduğu kimi, Putin bütün Azərbaycanı narahat edən AZAL-ın təyyarə qəzası ilə bağlı həssas məsələyə toxunub. Rusiya lideri qeyd edib ki, bu insidentlə bağlı təhqiqat yekunlaşmaq üzrədir və Rusiya tərəfi onun gedişini diqqətlə izləyir. Artıq qəzanın təfərrüatları dəqiqləşdirilib, səbəbləri isə açıqlanıb. Azərbaycan lideri də öz növbəsində Kremlin mövqeyindən və Putinin bu məsələyə həssas yanaşmasından məmnun olduğunu bildirib. Tərəflər bir daha təsdiq etdilər ki, heç bir problem və ya anlaşılmazlıq Bakı ilə Moskva arasında çoxəsrlik münasibətləri korlaya bilməz. Prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyini vurğulayıblar.

Sevindirici haldır ki, dünya miqyasında mövcud olan bugünkü mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan və Rusiya münasibətlərin korlanmasının qarşısını almağa və dostluq münasibətlərini qoruyub saxlamağa nail olublar. Birqütblü dünya dövrünün çoxdan geridə qalması sirr deyil, artıq çoxvektorlu sistem zəmanəsidir. Bu fonda strateji tərəfdaşlıq həm Bakının, həm də Moskvanın maraqlarına xidmət edir. Üstəlik, üçüncü tərəflərin təxribatlarının Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycanla Rusiya kimi fövqəldövlət arasında münasibətlərə xələl gətirməsinin qarşısını almaq çox vacibdir.

Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı “Yeni Zaman” Partiyası Mərkəzi Şurasının yaxın günlərdə baş tutacaq növbəti iclasının mövzularından biri olacaq.

Lalə EYYUBOVA

.