"Yeni Zaman" partiyasının sədri Musa Ağayev qiymət artımını dəyərləndirib.
Partiya sədri saytımıza verdiyi açıqlamada hakimiyyətin yenə xalqı aldatdığını, budəfəki qiymət artımının sözün əsl mənasında soyğunçuluq olduğunu vurğulayıb.
"Hakimiyyətin aylardır heç bir qiymət artımı olmayacaq deməsinə baxmayaraq yenidən yanacağın qiymətini qaldırması bütün məhsulların qiymətinin artmasına gətirib çıxaracaq", deyə Musa Ağayev sözlərinə davam edib.
"Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti aradan keçən illər ərzində neftdən gələn gəlirləri sənayeyə və kənd təsərrüfatının inkişafına yönəltmədiyindən, büdcə neft gəlirlərindən tam asılı qalıb. Neft hasilatının azalmasının büdcə kəsirlərinə gətirib çıxaracağı qorxusu hakimiyyəti çuğladığından dərhal korrupsiya nəticəsində boş qalmış büdcənin doldurulması üçün çıxış yolunu olaraq qiymətləri artırdı. Bununla hakimiyyət vəziyyətdən çıxmağa çalışır, amma düşünmür ki, əhalinin vəziyyəti acınacaqlıdır, xalq bir qrup məmurun nəzarətində olan bankların və kredit təşkilatlarının girovuna çevrilib. Kredit faizləri çox yüksəkdir, rəqabətin olmaması faizlərin yüksək qalmasına gətirib çıxarır və bundan xalq əziyyət çkir".
Bundan əlavə Musa Ağayev əlavə edib.
"Biz həmişə ölkədə sağlam biznes mühiti yaratmğın vacibliyini vurğulamış və iqtisadiyyatımızı boğan inhisarçılığın aradan qaldırılmasının vacibliyinə diqqət çəkmişik. İqtisadiyyat, sərbəst ticarət üzərindəki dövlət oliqarxlarının inhisarı orta sinifi formalaşmağa qoymur və milli iqtisadiyyatımızın və ümumilikdə ölkəmizin gələcəyini təhlükə altında qoyur. Qiymətlərin belə bir məqamda artırılması isə əhalinin sosial durumuna çox pis təsir göstərəcək və gələcəkdə baş verə biləcək sosial partlayışa zəmin yaradacaq. Bu çox riskli bir addımdır. Ona görə, hökumət maaşların və pensiyaların artırılması məsələsinə dərhal baxmalıdır", deyə "Yeni Zaman" partiyasının sədri Musa Ağayev sonda sözlərini bildirib.
