
Bu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur. Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran Rayon Maliyyə İdarəsinin rəis müavinidir.
Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir. O, 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb.
Deputat sayta açıqlamasında hazırda xaricdə olduğunu bildirib. O, hadisədən xəbərsiz olduğunu və bu məlumatı ilk dəfə onlardan eşitdiyini də qeyd edib.
.