Qobustan sakini Marina Otstavnova "Qafqazinfo” ya şikayət məktubu göndərib. O, Qobustan bələdiyyəsində müavin vəzifəsində işləyir.
Müəllif məktubda işlədiyi 5 il ərzində rayonda və bələdiyyədə baş verən rüşvətxorçuluq, saxta sənədləşdirmə, insanların aldanılmasına hallarına şahid olduğunu qeyd edib: "Müavin işlədiyimə baxmayaraq satılan torpaqlar haqqında məlumat almıram. Bələdiyyə sədri Vasif Novruzov iclas etmədən özbaşına torpaqların satışıyla məşğuldur. Bundan əlavə, vətəndaşlardan yalan yolu ilə əkinə yararlı torpaqları alıb təyinatı dəyişdirmədən ev tikmək məqsədiylə heç bir əsası olmayan sənədlərlə başqalarına satır. Həmin vətəndaşlar dəfələrlə məhkəmələrdə olsalar da, öz torpaqlarını geri ala bilməyiblər. Sədr möhürü hər zaman maşınında daşıyır və idarədən kənar sənədlərə də möhür vurur. Satdığı torpaqlara aid heç bir protokol tərtib edilməyib”.
Şikayətçi məsələ ilə əlaqədar dəfələrlə Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədova müraciət etdiyini də bildirib: "Başçı da bunların hamsına göz yumur. Çünki o da Vasif Novruzovun vasitəsiylə heç bir vergini və icarə haqqını ödəmədən bələdiyyəyə aid olan 150 ha torpaq sahəsində dənli bitkilər əkir. Şəhərin mərkəzində isə Diri Baba türbəsinin yanında özü üçün ev tikdirir. Bundan əlavə, bələdiyyəyə dövlət tərəfindən göndərilən dotasiyalar bilinməyən istiqamətdə xərclənir. Qobustan şəhərinin daxili yolları çox bərbad vəziyyətdədir. Su anbarinda su olduğu halda vətəndaşlar həftələrlə susuz qalır. Heydər Əliyev prospektində əkilən ağaclar və qızılgül kolları qurumaq üzrədir. Xərclənən pulların üstünü örtmək üçün Qaz idarəsinin yanında uşaq bağçası tikilir. İdarənin yanından keçəndə qaz iyi qəlir. Bu isə uşaqların sağlamlığına çox zərərlidir”.
Qeyd edək ki, Marina Otstavnova şikayətlərindən dolayı ona təzyiq edildiyini də bildirir.
.
