Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses haqqında general Sübahir Qurbanovun vəkili İlkin Mustafa məlumat verib.
O bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində Sabir Fərzəliyev ifadə verib. Zərərçəkmiş avtomobil avadanlıqlarının satışı ilə məşğul olduğunu deyib. S.Fərzəliyev şikayət və tələbinin olmadığını deyib: "İstintaq dövründə məni çağırıb şahid kimi ifadə verməyimi istədilər. İndi bura gələndə bilmişəm ki, zərərçəkmişəm”.
Məhkəmədə digər zərərçəkən Fuad Hüseynov dindirilib. O, ifadəsində bildirib ki, MTN-də ondan pul tələb edən şəxslər başqaları olub.
Prosesdə şahid qismində ifadə verən keçmiş MTN, indiki DTX əməkdaşı Zaur Axundov isə deyib ki, F. Hüseynovun ətrafında əməliyyat tədbiri keçirilməsini o hazırlayıb. Bildirib ki, aparılan araşdırma nəticəsində onun əməlində cinayət olmadığı üçün siqnal işini dayandırıb.
Prokuror isə qeyd edib ki, F. Hüseynovdan pul tələb edən şəxslərin cinayət işi ayrıca cinayət işi kimi araşdırılır.
Proses mayın 11-də davam edəcək.
.