"Seçki keçirilməsi haqda qərar qəbul edilmədən onun tarixi müəyyənləşə bilməz. Yəni noyabrın 1-də seçkinin keçirilməsi haqda MSK-nın qərar qəbul etməsindən söz gedə bilməz".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sadi Güvən bildirib.
O, seçkinin nə zaman keçirilməsi haqda qərar vermədiklərini söyləyib: "İyunun 7-də keçirilən parlament seçkilərindən sonra ehtimal olunan siyasi kampaniya ilə bağlı hazırlığa başlamışıq.
Qeyri-rəsmi olaraq həftə sonuna, avqustun 23-dək seçki tarixi ilə bağlı siyasi partiyalara mövqelərini göndərmələrini istədim. Bunu rəsmi olaraq göndərməzdim, bu, etik baxımdan da doğru olmazdı. Çünki siyasi partiyaların koalisiya hökuməti qurmaq üçün vaxtı var. Seçkinin keçirilməsi ilə bağlı qərar qəbul edilmədən bunu mənim müəyyən etməyim də mümkün deyil. MSK 90 günlük müddəti qısalda bilər. Bununla bağlı qərarı MSK qəbul edəcək. Ancaq indi belə bir qərar yoxdur .
Seçkinin keçirilməsi tarix təyin edildikdən sonra bir həftə ərzində bülleten və başqa ləvazimatları hazırlamaq, təqvim gününü müəyyənləşdirmək həqiqətən mümkün deyil. Buna görə də seçkinin keçirilməsi vaxtından bir ay öncədən bu istiqamətdə hazırlıq işləri görməyə başlamışıq. Vaxt azaldığından komissiyada təmsilçiləri olan siyasi təşkilatlara seçki tarixini ehtiva edən bir neçə təqvim layihəsini göndərdim".
S.Güvən seçkini 60 gün ərzində keçirə biləcəklərini də deyib: "Seçkinin tarixi ilə bağlı qərar qəbul edilərsə, 60 gün ərzində bu siyasi kampaniyanı keçirmək mümkündür. Türkiyə vətəndaşlarının səs verəcəyi bəzi ölkələrdən qutuların qurulması üçün icazə ala bilərik. Onlar bir az erkən icazə almağımızı istəyirlər. İzn verəcəkləri təqdirdə həmin ölkələrdə qutularımızı quracağıq. Xarici İşlər Nazirliyi bu istiqamətdə vasitəçilik edəcək. Xaricdə keçirilən səsvermə üçün təqvim layihəsini müəyyənləşdirdik. Bununla bağlı komissiyada nümayəndəsi olan Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyasının rəyi ilə tarixi təyin edəcəyik ".
Qeyd edək ki, bu gün Türkiyənin "Hürriyyət" qəzeti ölkə MSK-sındakı mənbələrinə istinadən noyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat yayıb.

.