Ermənistan işğalçı siyasəti ilə özünü təcrid olunmağa məhkum edir. Bu barədə bu gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə danışıqlardan sonra bildirib.
"Türkiyə və Azərbaycan regionun inkişafı və çiçəklənməsi üçün səy göstərirlər. Lakin Ermənistan bu layihələrdən kənarda qalır. Əgər Ermənistan öz aqressiv siyasətindən əl çəkərsə və işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytararsa biz bu ölkəni birgə layihələrimizdə görmək istəyərik”, - Çavuşoğlu vurğulayıb.
Onun fikrincə, ATƏT və BMT Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün səy göstərməlidir.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Xocalı soyqırımını pisləyir.
"Mənim bu səfərim Xocalı soyqırımının növbəti ildönümü ilə eyni vaxta düşüb. Mən bu faciə ilə bağlı Azərbaycan xalqına bassağlığı verirəm”, - o qeyd edib.
Azərbaycan XİN rəhbəri E.Məmmədyarov deyib ki, Bakı Ermənistanı işğal etdiyi əraziləri azad etməyə və böyük sülh sazişi üzərində işə başlamaya çağırmaqda davam edir.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün səy göstərməlidir. Bunu beynəlxalq hüquq da tələb edir.
Həmçinin nazirlər bildiriblər ki, danışıqlar zamanı birgə nəqliyyat layihələrini Bakı-Qars dəmir yolu, TANAP boru kəmərini müzakirə ediblər..