Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.

Hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə Azərbaycan vətəndaşının Jukovski hava limanında saxlanıldığına dair görüntülər yayılıb. Videoda Azərbaycan vətəndaşı heç bir əsas olmadan özü ilə bərabər daha iki həmyerlimizin Jukovski hava limanında Rusiya sərhədçiləri tərəfindən saxlanıldığını, bir otağa yerləşdirildiyini, onlara su və yemək verilmədiyini bildirib.

.