Moskvada 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin birinci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Türkiyə, Pakistan, İsrail və Qazaxıstanın Moskvada akkreditə olunan səfirləri, Milli Məclisin deputatları, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 8 noyabr - Zəfər Gününün ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib: “Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtında, xalqımızın mədəniyyət kodu olan işğaldan azad olunan Şuşa şəhərində zabitlər qarşısında orduya və xalqa müraciət edərək çıxış edib. Bu gün hər bir azərbaycanlının keçirdiyi hissləri təsvir etmək çətindir. Xüsusi ilə də mənim...Ona görə ki, mən qarabağlıyam. Atamın evi Şuşadadır. Bu 30 ildə Azərbaycan xalqı Qarabağa qayıtmaq arzusu ilə yaşayıb. Bu gün Qələbənin ildönümü günündə biz bu zəfərə canını qurban verən şəhidlərimizi yad edirik. Biz onların qəhrəmanlıqlarını, şücaətini heç vaxt unutmayacağıq, xatirəsini əbədi olaraq ürəyimizdə yaşadacağıq. Biz hər zaman bu müharibədə yaralanan qazilərimizin qayğısına qalacağıq. Bu, bizim müqəddəs borcumuzdur”.

Artıq bitmiş Qarabağ münaqişəsinin yaranması tarixindən danışan səfir bildirib ki, bütün bu illər ərzində Azərbaycan ən yüksək tribunalardan bu məsələnin sülh yolu ilə həll etmək istədiyini, lakin bu baş verməyəcəyi təqdirdə güc yolu ilə həll edəcəyini bəyan edib: “Xalqımız heç vaxt ərazilərinin itirilməsi ilə barışa bilməzdi. Bütün xalqı bir dəmir yumruq kimi birləşdirməyi bacaran Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz yüksək döyüş məharəti nümayiş etdirərək uzun sürən münaqişəyə son qoydu. Bu münaqişənin sülh yolu ilə həlli üçün çox iş görən Rusiya Prezidenti, çox hörmətli Vladimir Putinin səylərini xüsusi qeyd etmək istərdim. Mən uzun illərdir ki, Moskvada səfir işləyirəm və canlı şahidiyəm ki, Rusiya rəhbərliyi və şəxsən Vladimir Putin bu məsələni sülh yolu ilə həll etmək istəyib və müxtəlif həll variantları təklif edib. Lakin Ermənistan rəhbərliyi Rusiya Federasiyasının çağırışlarını da eşitməyib”.

Diplomat işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərindən də danışıb, qısa müddətdə Füzuli şəhərində Beynəlxalq Hava Limanının inşa olunduğunu, Şuşaya “Zəfər Yolu” adlanan yolun çəkildiyini diqqətə çatdırıb.

P.Bülbüloğlu Qarabağ məsələsində daimi dəstəyə görə Türkiyə, İsrail və Pakistan səfirlərinə xüsusi təşəkkürünü bildirib.

Türkiyənin Rusiyadakı səfiri Məhmət Samsar Azərbaycanı Zəfər bayramı münasibəti ilə təbrik edib: “Prezident İlham Əliyevin və Azərbaycan xalqının səyləri ilə 30 il işğal altında olan Qarabağ geri alındı. Bu, həm də Türkiyə xalqı üçün mühüm hadisədir. Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Qarabağ müharibəsi başlayandan biz Azərbaycana tam dəstək vermişik. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci və zəfəri Türkiyənin sevincidir. Qarabağın 30 il işğal altında qalması türk xalqının da kədəri idi”.

Pakistanın Rusiyadakı səfiri Şafkat Ali Xan Azərbaycan xalqını Qarabağ zəfəri münasibəti ilə təbrik edib: “Bu gün Azərbaycan xalqı kimi bizim üçün də çox böyük gündür. Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə ölkənin ərazi bütövlüyünü bərpa edə bildi. Azərbaycanlılar hərbi gücə əl atmadan Qarabağ məsələsinin həllini çoxdan və səbirlə gözləyirdi. Lakin Azərbaycan silah tətbiq etməyə məcbur oldu. Biz şadıq ki, münaqişə başa çatıb. Azərbaycan və bütünlükdə region üçün sabitlik və sülh erasının qədəm qoymasını səbirsizliklə gözləyirik. Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün yeni perspektivlər axtarırıq. Bu gün mən də azərbaycanlı qardaş və bacılarım kimi xoşbəxtəm, bir daha Azərbaycan xalqını və rəhbərliyini Qələbə münasibəti ilə təbrik edirəm”.

.