Moskvada İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb.

Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım tədbirində Pakistanın Rusiyadakı səfiri Şöfkət Əli Xan, Türkiyə və Pakistan səfirliklərinin əməkdaşları, hərbi attaşeləri, Heydər Əliyev Fondunun və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Ali Baş komandan, prezident İlham Əliyevin 27 sentyabr Anım Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti nümayiş etdirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəklədiklərinə görə tədbirdə iştirak edən Pakistan səfirinə və Türkiyəli diplomatlara təşəkkürünü bildirib. Səfir çıxışında qeyd edib ki, 27 sentyabr Azərbaycanın işğala qarşı əks-hücum əməliyyatının başlandığı gün kimi tarixə düşüb: “Son 30 ildə Azərbaycanda həyatını sözdə deyil, əməldə qurban verməyə hazır olan möhtəşəm vətənpərvər nəsil yetişib. Bu, vətən torpağının əhəmiyyətini dərk edən və vətəndən payın mümkün olmadığını anlayan bir nəsildir”.

Polad Bülbüloğlu Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni etdiyini, uzun illər danışıqların getdiyini, müxtəlif təkliflərin müzakirə olunduğunu, lakin Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara biləcək bütün ağlabatan təklifləri inadla rədd etdiyini qeyd edib: “Hazırda işğaldan azad olunan torpaqlarda bərpa işləri aparılır. Mən bütün bu müddət ərzində Şuşada idim, atamın evini bərpa elədim. Hər dəfə Şuşaya gedəndə sözlə ifadə olunmayan bir qürur hissi, xalqımın, ordumun, Prezidentimin gücünü dərk etmək hissi ilə doluram. Qarabağdakı şəhər və kəndlərimiz intensiv şəkildə yenidən qurulur. Dağıdılmış Füzulidə 8 aya beynəlxalq hava limanı inşa edilib. Bu yaxınlarda Moskvada inşaat məsələlərini yaxşı bilən bir mühəndis bunun sadəcə mümkün olmadığını söylədi. O dedi ki, aeroportun layihəsi belə il yarıma, iki ilə hazırlanır. 8 aya beynəlxalq hava limanının inşası artıq Azərbaycanın və sözsüz ki, prezident İlham Əliyevin nailiyyətidir”.

Tədbirdə Azərbaycan xalqının Qarabağ uğrunda azadlıq mübarizəsinə həsr olunmuş sənədli filmlər nümayiş olunub. Səfirliyin binası qarşısında isə Anım Günü münasibəti ilə stend quraşdırılıb.

.