Moskvada tikinti işlərində miqrantların əməyindən imtina olunması ilə bağlı plan hazırlanır.

Bu barədə Moskva şəhərinin tikinti siyasəti və inşaat məsələləri üzrə vitse-meri Andrey Boçkaryov RBK-ya müsahibəsində bildirib.

Moskvada tikinti sferasında işçi qüvvəsi çatışmazlığı yaranıb. Buna səbəb isə pandemiya dövründə mirqantların öz ölkələrinə qayıtması olub. A. Boçkaryovun sözlərinə görə, işçi qüvvəsi ilə bağlı böhrandan çıxmağı və tikinti sahəsində miqrantların əməyindən imtina etməyi nəzərdə tutan plan işlənib hazırlanacaq: “Pandemiyaya qədər Moskvada tikintidə işləyən 120 min miqrantdan 40 mini qalıb. Yerdə qalanları isə ölkələrinə geri dönüb”.

Moskvanın vitse-meri hazırda işçi qüvvəsi çatmazlığının təxminən 40 faiz təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, kadr böhranından çıxış yollarından biri əmək məhsuldarlığının artırılmasıdır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar miqrantların əksəriyyəti vətənlərinə qayıtdığından və ölkəyə giriş qaydaları sərtləşdirildiyindən Rusiyada işçi qüvvəsi böhranı yaranıb.

.