Rusiya ilə Qərb ölkələri arasında davam edən qarşılıqlı iqtisadi sanksiyalar artıq ilk nəticələrini verməyə başlayıb.
Qida qıtlığına yol verməmək üçün əlavə tədbirlər görən Rusiya hökuməti Moskvada Azərbaycan məhsulları yarmarkası açmağa qərar verib.
Alma, şaftalı, feyxua, üzüm, armud, qaysı, gavalı, heyva - bunlar Azərbaycandan gətirilən məhsulların sadəcə bir hissəsidir. Bundan başqa tərəvəz, ət və süd məhsulları ve əlbettə ki milli şirniyyat növləri də Azərbaycan yarmarkasında Moskva sakinlərinin yolunu gözləyir. Azərbaycanın Quba, Şəki, Lənkəran, Gədəbəy, Gəncə ve Gazax regionlarının təmsil edildiyi yarmarkada Azərbaycan musiqisi də qonaqların əhvalını qaldırır.
Satıcı İsa Məmmədov deyir ki, "Rusiya hökuməti sanksiyalarına görə sağ olsun. Bizə belə şərait yaradıblar, Azərbaycan məhsullarını gətirib burda yarmarkalarda satırıq. Bizim arzumuz budur ki, bu sanksiylar bundan sonra da davam eləsin və biz də daha çox məhsul satarıq”.
Alıcı Andrey Filipov qeyd edir ki, "Bu yarmarka Azərbaycan və Rusiya xalqlarının qardaşlığının davam etdiyini göstərir. Əgər kimsə Polşa almasının Şamaxı və ya Quba almasından yaxşı olduğunu düşünürsə ciddi şəkilde yanılır. Azərbaycan yemişi, qarpızı və üzümünə nə çatar? Hələ Azərbaycan kababını demirəm. Bunlar əladır".
Moskva meriyasının qərarıyla sentyabr ayının sonunadək Moskvada 73 qida yarmarkasının fəaliyyətə başlaması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Azərbaycan məhsulları yarmarkası önümüzdəki 3 ay boyunca fəaliyyət göstərəcək. (ANSPRESS)
.
