Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.

Görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü xatırladıb.

“Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik. Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”, - Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vurğulayıb.

O qeyd edib ki, əgər hərbi münaqişənin aradan qaldırılmasından danışılırsa, o zaman siyasi faktor mövcud olur və bu faktor üstünlük təşkil etdikdə danışıqlar çətinləşir: “Bəzən dini nöqteyi-nəzərimizə görə, insanların niyə bir-birinə güvənə bilməməsi bizə sadəcə anlaşılmaz görünür. Onlar razılaşa bilməzlər, çünki siyasi maraqlara toxunulur”.

.