Moskvada 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş sıravi Kamal Quluzadə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, rusiyalı tanınmış siyasi və hərbi ekspertlər, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılıb.

Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu illər əvvəl ölkəmizin ümummilli lideri Heydər Əliyev dediyi “Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun” sözlərini xatırladıb:

“Ulu Öndərin sözləri gerçəkləşmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yüksək döyüş məharəti nümayiş etdirərək dəmir yumruğa birləşən rəşadətli ordumuz uzun müddət ərzində işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu gün Azərbaycan xalqı üçün xüsusi gündür, belə ki, Böyük Qələbənin ikinci ildönümüdür. 8 noyabr təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad edildiyi elan edilmişdir”.

Səfir Qarabağın tacı olan doğma şəhərinin azad edilməsinin dünya hərb tarixində nadir əməliyyatlardan biri olduğunu söyləyib:

“Bu qələbə həlak olmuş qəhrəmanların - Azərbaycanın igid oğul və qızlarının həyatları bahasına əldə edilmişdir. Azərbaycan xalqı onların qəhrəmanlığını heç vaxt unutmayacaq və onların xatirəsini qəlblərdə əbədi yaşadacaqdır. Allah onlara rəhmət etsin! Allah ruhlarını şad etsin!”

Diplomat vurğulayıb ki, bütün beynəlxalq səylər və görülən tədbirlər münaqişənin sülh yolu ilə həllinə və ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsinə gətirib çıxarmayıb. Onun sözlərinə görə, beynəlxalq ictimayyət Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etməyə məcbur edə bilməyib.

Səfir onu da qeyd edib ki, 28 illik fəaliyyəti ərzində ATƏT-in Minsk Qrupu ikili standartlar göstərmiş və bu münaqişənin həllində özünün tam acizliyini nümayiş etdirmişdir.

Polad Bülbüloğlu xüsusilə vurğulayıb ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlamış, öz suveren ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq hərəkət etmiş və Ermənistan hərbi əməliyyat zonasından uzaqda yerləşən dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Azərbaycan mərdlik nümayiş etdirərək, Ermənistanın yaşayış məntəqələrini atəşə tutmamışdır.

Azərbaycanın Səfiri, həmçinin qeyd edib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınma və hörmət əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olub və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərib.

“Müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha əmin olmuşdur ki, Ermənistan sülh istəmir, o, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl atır, silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxartmır, əraziləri yenidən minalayır və bununla da regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır”, - deyə Azərabycanın Rusiyadakı diplomatik missiyasının rəhbəri qeyd edib.

Polad Bülbüloğlu onu da bildirib ki, Azərbaycan hələ də öz torpaqlarına iddialı qüvvələrə bütün mümkün vasitələrlə cavab verməyə hazırdır:

“Bu bayram günündə Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərindədir. Hərbçilərlə görüşdə Prezidentimiz bir sıra ciddi bəyanatlar vermişdir. Bu bəyanatlar həm Ermənistana, həm digər beynəlxalq oyunçulara bizim qırmızı xətlərimizi aydın göstərmişdir. O xətlər ki, Azərbaycan xalqı onları heç vaxt keçməyəcəkdir. Bu gün Azərbaycanın sülh istədiyi haqda mühüm mesajlar verilmişdir. Lakin, bununla yanaşı dəmir yumruğun yerində olduğu və lazım olduğu təqdirdə kimdən gəlməsindən asılı olmayaraq ərazi bütövlüyümüzə qarşı təhdidlərə cavab olaraq istifadə olunacaqdır.

Səfir tədbir iştirakçılarına münaqişədən zərər çəkmiş ərazilərin bərpası, reabilitasiyası, yenidən qurulması və reinteqrasiyası ilə bağlı görülən genişmiqyaslı işlər barədə məlumat verib. Həmçinin müharibə zamanı dağılmış dini və tarixi memarlıq abidələrinin bərpası və yenidən qurulması istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib: “İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir şəhərsalma metodlarından istifadə olunmaqla yeni şəhər və kəndlər salınır, Zəngilan rayonunun yer üzündən silinmiş yeni salınan Ağalı kəndinə artıq onlarla ailələr qayıdıb”.

Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçısı Kamal Quluzadə qeyd edib ki, rəşadətli döyüşçülərimiz döyüşərək hər gün kənd və şəhərlərimizi azad edirdilər. O vurğulayıb ki, hər döyüşdən sonra keçirdikləri hiss, 30 ildən sonra bu torpaqlara ayaq basan ilk azərbaycanlılar olduqlarının qürur və xoşbəxtlik hisslərini təsvir etmək qeyri-mümkündür. O, eyni zamanda şəhərlərdən qalan xarabalıqları, yer üzündən silinən kəndləri, məscidlərin donuz tövləsinə çevrildiyini görəndə kədər və ağrı hissləri keçirdiklərini söyləyib: “Azərbaycan xalqının iradəsi və əzmi, müasir ordusu, iqtisadi qüdrəti və ən əsası ordunun, xalqın və hakimiyyətin birliyi qələbəni təmin edən başlıca amillər oldu”.

Milli Məclisin deputatı Nizami Səfərov çıxışında 44 günlük müharibədə qələbənin Azərbaycan silahlı qüvvələrinin, ölkə rəhbərliyinin və şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaq şəkildə həyata keçirilməsinin nəticəsi olduğunu söyləyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələr sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi və Qarabağda dinc həyatın bərqərar olmasıdır ki, bunun üçün də lazım olan hər şey edilir.

Təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib. Tədbirdə iştirak edən bir çox ölkələrin səfirləri Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik edib, hərbi əməliyyatların unikallığını qeyd edərək Azərbaycan Prezidenti və xalqına yeni uğurlar arzulayıblar.

.