
“Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamalarının tonu qəbuledilməzdir. Moskva bu bəyanatlardan olduqca narazıdır”.
Bunu TASS-a Rusiya XİN-dəki diplomatik mənbə bildirib.
“Moskva Ermənistan rəhbərliyinin son publik bəyanatlarından, o cümlədən Ermənistan Baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır.
Xüsusilə, Ermənistanın Baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü bəyan edib. Əslində, İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli küçə olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir”, - deyə diplomatik mənbə qeyd edib.
Mənbə əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətləri “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi” qiymətləndirir.
Diplomatik mənbənin sözlərinə görə, “Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb” tezisi yalandır.
"Qarşıdurmanın kökündə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsi dayanır, Ermənistan isə Azərbaycan ərazisinin bir hissəsini uzun müddət öz nəzarətində saxlayıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Eyni zamanda, o qeyd edib ki, 2020-ci ilin payızında baş verən silahlı qarşıdurma, əsasən, Ermənistan rəhbərliyinin tələsik və təxribatçı addımları, o cümlədən “Qarabağ Ermənistandır” bəyanatları və Dağlıq Qarabağ “prezident”inin Şuşada andiçmə mərasimində iştirakının nəticəsi olub: “Bu, tərəflərin ATƏT-in Minsk Qrupu vasitəsilə əldə etdiyi razılaşmaları xeyli dərəcədə dəyərdən saldı. Əgər Rusiya və şəxsən prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliyyatların nəticələri daha acınacaqlı olardı".
Diplomatik mənbə, həmçinin, Rusiyanın guya “Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü”nə tamamilə biganə qalması ilə bağlı iddiaları da əsassız adlandırıb. O, iki ölkənin Xarici İşlər və Müdafiə nazirlikləri arasında müvafiq məsləhətləşmələrin aparıldığını, həmçinin, KTMT-nin yüksək səviyyəli nümayəndələrinin regiona səfərlərini xatırladıb: “Ermənistan-Azərbaycan münaqişələrinin həllinin əsas yolu üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsidir.
Eyni zamanda, İrəvan KTMT-nin potensialından tam istifadə etmir, bu, xüsusən də təşkilatın missiyasının yerləşdirilməsinə razılıq verməkdən imtinada və bu sahədə səmərəsiz Avropa İttifaqı missiyasının xeyrinə seçim etməkdə özünü göstərirdi. Bunun fonunda KTMT-də müəyyən böhranla bağlı arqumentlər siyasiləşməyə bənzəyir".
Agentliyin həmsöhbəti Aİ-nin himayəsi altında 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” bəyanatlarından Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa kimi 180 dərəcə dönüş etdiyini yada salıb: “Bu, 9 noyabr 2020-ci il tarixli sazişlərin şərtlərini kökündən dəyişdirib və Rusiya sülhməramlı kontingentinin Qarabağdakı işini mümkün qədər çətinləşdirib. Buna baxmayaraq, Rusiya sülhməramlıları yerdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hər cür səy göstərir”.
Mənbə onu qeyd edib ki, sülhməramlı kontingentə bu cür əsassız hücumlar zərərdən başqa heç nə gətirmir, o cümlədən Ermənistanın özünə...
"Ermənistanın özünü geri çəkməsi Dağlıq Qarabağ ətrafındakı çətin humanitar vəziyyətin həllinə kömək etmir. Meqafon diplomatiyası Bakı-Xankəndi-İrəvan üçbucağında əməli işi əvəz etmək iqtidarında deyil", - deyə diplomatik mənbə fikirlərini yekunlaşdırıb.
.