
"Biz yaşlandıqca gözəlliyimizi itirməkdən elə qorxuruq ki... Amma belə şeylər məni narahat etmir. Mən ölümdən qorxuram, çünki iki uşağım var və onların böyüyüb başa çatmasını görmək istəyirəm”.
Sentyabrın 30-da 50 yaşı tamam olan məşhur italyan aktrisası Monika Belucci deyir bunu.
O, Britaniyanın "Daily Mail” qəzetinə bir müddət əvvəl verdiyi müsahibədə bildirib ki, uşağı olmamışdan əvvəl nə qocalmaqdan, nə də ölməkdən qorxurmuş.
Monika qızlarından birini 39, o birisini 45 yaşında dünyaya gətirib.
"Mən həmişə pomadanı sevmişəm. Qadına bu sevgi anasından, nənəsindən keçir. Güzgünü götürüb pomadalanmaq qadın üçün elə təbii bir vərdişdir ki...” - deyir Monika Belucci.
Aktrisa daha sonra əlavə edir: "Mən təpədən-dırnağa italyanam. Hara gedirəmsə, italyan olaraq qalıram.
Danışıq tərzim, yeməyim, qadınlığın mənim üçün mühümdür”.
Monika Belucci düşünür ki, övladları onun həyatını dəyişib: "Onlar mənə böyüməyə, uşaqlığımdan qopmağa kömək etdilər. Uşaqlığım mənim üçün bir zindan idi. O mənada yox ki, valideynlərim pis adamlardır, əksinə. Ona görə ki, evin tək uşağı idim və daim özümü yalqız hiss edirdim.
Həmişə ətrafımda çoxlu qohumum, tanışım olardı. Amma yalqızlıqdan doğan kədər hissi məni heç zaman tərk etməzdi”.
Monica Belucci özü hansı qadın aktrisaların stilini sevir: Klaudia Kardinale, Sofi Loren,
Gina Lollobrigida, Silvana Mangano...
Onun sevdiyi yazıçı isə İrene Nemirovskidir (1903-1942). Ölüm düşərgəsində məhv edilmiş bu yəhudi yazıçı II dünya müharibəsinin ilk illərində Fransada gördüklərindən yazır.
Onun üçün "Baxılmalı film” italyan rejissoru Federiko Fellininin "Şirin həyat”ıdır: "Filmdəki xoşbəxtlik və sevgi axtarışı bəşəri bir mövzudur. Amma bu film həm də personajın yaşadıqlarını elə formada anladır ki, insanı həqiqətən düşünməyə vadar edir”.
O ki qaldı Monika Beluccinin sevdiyi mahnılara, aktrisa deyir ki, bu, onun ovqatından asılıdır. Maraqlıdır ki, müsahibə alınan gün onun Sade və Marisa Monteni dinlədiyi dövrə təsadüf edib.
.