"Elmar Məmmədyarovla görüşdə demokratiya, qanunun aliliyi və insan haqları məsələlərini müzakirə etdik".
Bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Aİ bu məsələni qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin bir hissəsi hesab edir: "Bu istiqamətdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlilikləri yerinə yetirməsi bizim üçün vacibdir. Buraya beynəlxalq standartlara uyğun olaraq qanuni seçkilər, sərbəst toplaşmaq və media ilə bağlı tövsiyələr daxildir.
Bu, Azərbaycanın hazırda olduğu seçki öncəsi şəraitdə xüsusilə vacibdir. Avropa İttifaqı hər zaman fundamental azadlıqlar və insan haqlarına hörmətin vacibliyini vurğulayır. Biz inanırıq ki, vətəndaş cəmiyyəti hər zaman demokratiya üçün vacibdir və biz bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik”.
"Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır”.
Bu sözləri də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
O bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir: "Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir”.
