Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.

Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.

Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.

Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

.