Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya mühasirəyə alınması və istənilən an ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, bu məlumatların əsası yoxdur: “Bu şişirdilmiş və təhrif olunmuş xəbərdir. Bildiririk ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur.

Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik”.
 

.