“Azərbaycan Prezidentin siyasi və diplomatik məharətinin növbəti nəticəsi regionun və türk dünyasının nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq "Zəngəzur dəhlizi"nin reallaşması olacaq. Bu layihə ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaq”.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının müəyyən etdiyi strateji yol xəritələri sırasında "Qarabağa böyük qayıdış"ı xüsusi əhəmiyyətə malikdir: "Bilirsiniz ki, Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcək".

.