Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 18 saylı Qldani həbsxana xəstəxanasından Qori Hərbi Hospitalına köçürülüb.

Sabiq Prezident 50 gün boyunca keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar müalicə alması üçün Qori Hərbi Hospitalına yerləşdirilib. Hospitalda M. Saakaşvili üçün xüsusi palatanın yaradıldığı bildirilir.

Köçürmə ilə əlaqədar xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib.

Qeyd edək ki, Gürcüstanın Ombudsman Aparatının ötən gün yaydığı bəyanatda bildirilib ki, aclıq aksiyası nəticəsində sabiq Prezident M. Saakaşvilinin beynində ciddi xəstəlik yaranıb və onun komaya düşərək həyatını itirmək təhlükəsi var. Bəyanatda M. Saakaşvilinin təcili surətdə çoxprofilli və texnoloji imkanları geniş olan xəstəxanaya köçürülməsinə ehtiyac duyulduğu vurğulanıb.

Xatırladaq ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Burada aclıq aksiyasına başlayan keçmiş Prezident noyabrın 8-də səhhətində yaranmış problemlərlə əlaqədar helikopterlə 18 saylı Qldani həbsxana xəstəxanasına nəql edilmişdi.
Ötən gün M. Saakaşvili Qori Hərbi Hospitalına köçürüləcəyi təqdirdə aclıq aksiyasını dayandıracağını bəyan edib.

.