
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi davam edir.
Yenizaman erməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti xarici əlaqələr komissiyasının iclasında xarici işlər naziri Ararat Mirzoyan 2024-cü il üçün hökumət proqramının həyata keçirilməsinin gedişatı və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.
"Türkiyə ilə münasibətlərin normallaşma prosesi davam edir. Diplomatik əlaqələrin qurulması ilə yanaşı, sərhədlərin açılması və aramızda nəqliyyat infrastrukturunun bərpası da əsas məsələlərdir", - o qeyd edib.
XİN başçısı söyləyib ki, Gümrü-Qars dəmir yolunun işə salınması böyük əhəmiyyət kəsb edəcək. Ermənistan və Türkiyə arasında müəyyən razılaşmalar, məsələn, Ani körpüsünün birgə bərpası ilə bağlı razılaşma var.
"Bu, birbaşa hava əlaqəsinin müəyyən edilməsi, hava yolu ilə yük daşımaları üzrə maneələrin aradan qaldırılması ilə bağlı artıq həyata keçirilmiş qərarları tamamlayır. Hələ reallaşdırılmamış razılaşmalarımız var, məsələn, üçüncü ölkə vətəndaşlarının sərhəddən sərbəst hərəkəti, onlar və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədin açılması", - o bildirib.
.