Mingəçevir şəhərində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nəsimi küçəsi 31 ünvanında baş verib.
Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-cı il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını – 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib.

Qətlə yetirilən qadının qohumları "Report”un yerli bürosuna bildirib ki, hadisə qısqanclıq zəmində baş verib: "Lazım Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçırıb və ailə qurub. Bu izdivacdan onların iki övladı olub. Əvvəllər mehriban idilər. Lakin sonradan Lazım Hüseynov narkotik vasitələr qəbul etdiyindən ailədə tez-tez münaqişələr olurdu. Sonra Lazım həbs edildi. Həbsdən çıxandan sonra bilmirik nə eşidib, nə deyiblər ona, gəldi bu hadisəni törətdi”.
Qətlə yetirilən ana və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.
Hadisədən sonra L.Hüseynov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


****

Mingəçevir şəhərində Nazim Hüseynovun arvadını və iki azyaşlı uşağını öldürməsinin təfərrüatı məlum olub.

Mingəçevir şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən şəxs özü təslim olub: "Hadisə bu gün səhər saat 9-10 radələrində baş verib. N.Hüseynov arvadını və iki azyaşlı uşağını öldürdükdən sonra polis bölməsinə gələrək əməlini etiraf edib. Onun verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilib. Hadisə yerindən həyat yoldaşı Aynurə Hüseynova, övladları 2008-ci il təvəllüdlü Hüseyn Hüseynov və 2012-ci il təvəllüdlü Mədinəxanım Hüseynovanın cəsədləri aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Nazim Hüseynov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib”.
Faktla bağlı Mingəçevir rayon Prokurorluğunda 12.2.7 Qəsdən iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi açılıb.


****

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib.
Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.
Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
Hadisəni törədən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.
.