Dünya bazarında qızılın qiymətinin ucuzlaşmasının Bakıdakı qızıl ticarətinə təsirinin nə dərəcədə real olduğunu müşahidə etmək üçün paytaxtdakı univermaqlarda olduq. Müqayisəli olsun deyə, həm Mərkəzi Univermaq, həm də "Laçın” univermağındakı qiymətlərlə maraqlandıq.
"Laçın" univermağında 583 əyarlı (rus qızılı) qızıl məmulatlarının satışı ilə məşğul olan Lalə xanım təəssüflə bildirdi: "Üç gündür siftə eləməmişik. Qiymətlər insanların cibinə görə deyil. Alıcılar ancaq baxıb gedirlər”.
Əslində qiymətlərlə maraqlandıqda aydın olur ki, məmulatlar çox baha da deyil. Amma ümumi kütlənin maddi durumunun yaxşı vəziyyətdə olmadığını, əksəriyyətimizin orta aylıq əmək haqqının 300-400 manat arasında dəyişdiyini nəzərə alsaq, qiymətlər hədsiz dərəcədə bahadır. Elə buna görə də çoxları qızıl vitrinlərinə ancaq baxıb ötməklə kifayətlənir...
"Laçın" univermağının Elməddin adlı satıcısı vitrini əsasən 750 əyarlı (italyan qızılı) qızıl məmulatları ilə "bəzəsə” də, o da alıcı azlığından gileyləndi: "Məktəblər açılandan siftə eləməmişik. Çox pis vəziyyətdir, milyonluq mallarımız vitrinlərdə qalıb. İnsanları da qınamaq olmur. Bizim univermağa gələnlər nisbətən aşağı təbəqədən olan insanlarıdır, varlılar Mərkəzi Univermağa gedirlər”.
Alıcılar arasından xüsusi qızıl məmulatı sifarişi verənlərin olub-olmadığı ilə maraqlananda satıcı Elməddin bildirdi ki, "Laçın” univermağına gələnlər nisbətən aşağı təbəqədən olanlardır, sifariş verənlərsə varlılar. "Onlar da Mərkəzi Univermağa gedirlər”.
Söhbət əsnasında satıcılar müştəri sıxlığının əsasən yazqabağı müşahidə edildiyini, həmçinin gələnlərin əsasən toy üçün tədarük gördüklərini açıqladılar: "Qaynana-gəlin, ya da qaynana-kürəkənlər gəlir. Novruz bayramı ərəfəsində işlərimiz "xod gedir”. Elə olur ki, günə 30-40 qram qızıl satırıq”.
Satıcıların sözlərinə görə, nişan üzüyü almağa gələn gəlinlər bəylərə nisbətən baha məmulatlara əl uzadırlar. Bəylər çox da seçici olmur. Ailə qurmağa hazılaşanlar əksər hallarda üzüklərini cüt seçirlər.
"Laçın” univermağında maraqlandığmız nişan üzüklərinin qiyməti 250 manatdan başlayıb ta 1500 manta çatır. Hətta daha bahalı olanları da çoxdur. Amma qeyd etdiyimiz 250-1500 manat civarında olan qiymətlər dəb sayılan ağ qızılın brilliant qaşla olan variantına aiddir.
Mərkəzi Univermaqda isə nişan üzüklərinin maksimum qiyməti 3-4 min manat arasında dəyişir.
"Laçın” univermağında olduğumuz müddətdə nişan üzüyü alan bir nəfər diqqətimizi çəkdi. Bu alıcı bir üzük üçün, yalan olmasın, az qala bütün nəsildəki qohum-əqrabası ilə gəlmişdi. 18-19 yaşlı xanım üçün alınan üzüyün qiyməti isə cəmi 110 manat oldu. Qaynana israrla üzüyün qiymətini 100 manata endirməyə çalışır, qız üzüyü barmağına taxdığından satıcı da rahat şəkildə "vallah aşağı yeri yoxdur” deyirdi. Əlqərəz, sonda qaynata cibindən bir 10-luq çıxararaq, hesabı bağladı.
Hər iki univermaqda boyunbağı, qolbağ, sırğa, üzük dəstlərinin ümumi qiyməti müxtəlifdir. Məsələn nisbətən azkaratlı brilliant qaşlı ağ qızıldan hazırlanmış dəstlər 1800 manatdan başlayaraq 6 min manat arası dəyişir. Satıcılar əsasən 2 min manatlıq dəstlərə üstünlük verildiyini bildirərək, sonuncu dəfə 4-5 min manata məmulat satdıqlarını xatırlamadılar.
Nişan üzüklərinə gəldikdə isə qiyməti 300-400 manat arası olan "tac” model adlanan tək qaşlı üzüklərə üstünlük verildiyini söylədilər.
Mərkəzi Univermaqda olduğum müddətdə səhnəmizin "yeganə” Şəbnəmi olan müğənni Şəbnəm Tapdığı da alcılar arasında gördük. O. vitrindən özü üçün nəsə seçməyə çalışırdı.
Bu ticarət mərkəzində çalışan Vüqar adlı satıcı bizə qızlın hazırkı qiymətlərini açıqladı: "583 və 585 əyarlı qızılın 1 qramının alışı 22 dollar, satışı isə 28 dollardır. 750 əyarlı qızılın alışı 22 manat, satışı isə məmulatın işlənməsindən asılı olaraq 30 manatdan başlayıb 50 manata qədər gedir”./modern.az/
.