Sabah Milli Şuranın növbəti sessiyası keçiriləcək. Milli Şuradan aldığımız məlumata görə, sessiyada qurumun yeni sədrinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov noyabrın 28-də qurum üzvlərinə məktubla müraciət edərək obyektiv səbəblərdən Bakıya gələ bilmədiyi üçün sədrlik funksiyasını yerinə yetirməsində çətinlik olduğunu vurğulayıb və sədrlikdən getmək istədiyini və Cəmil Həsənlini sədr görmək istədiyini açıqlayıb.
Sabahkı sessiyada Rüstəm İbrahimbəyovun istefası barədə müraciətinə baxılacaq. İstefa qəbul ediləcəyi halda Rüstəm İbrahimbəyovun Cəmil Həsənlini sədr seçmək barədə təklifinə də münasibət bildiriləcək.
Məlumatda həmçinin bildirilir ki, sessiyada təşkilatın güclənməsinə hesablanan digər qərarlar da veriləcək. Sessiyada seçki saxtakarlığına qarşı beynəlxalq müstəvidə aparılan mübarizə haqqında məlumat veriləcək və müvafiq qərarlar qəbul olunacaq. Cəmil Həsənlinin xarici səfərləri haqqında da məlumat dinləniləcək. Yeni dönəm üçün prioritetlər müəyyənləşəcək.
Sessiyada kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı da məsələ də müzakirə olunacaq. Həm mitinqlərin keçirilməsi, həm də mübarizənin başqa kütləvi üsullarından istifadə olunması ilə bağlı təkliflər olacaq və qərarlar veriləcək.
Ali toplantının gündəliyində Milli Şuranın fəaliyyət istiqamətlərinin əsas müzakirə mövzusu olacağı deyilir. Eyni zamanda gündəlikdə müəyyən təşkilatlanma məsələlərinin də müzakirəsi var.
Ümumilikdə bu sessiyada bir sıra yeniliklərin edilməsi gözlənilir. Əldə etdiyimiz xəbərə görə, Rəsul Quliyevin Milli Şuradan çıxarılması barədə təkliflərin də olacağı gözlənilir.
.