Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxışında bunları dedi: "Milli Şuranın birliyinin qorunub saxlanılması zəruridir. Süni birliklərin yaradılmasının heç bir fayda vermədiyini Milli Şura modelində də gördük”.
Arif Hacılı Eldəniz Quliyevin ədalətdən danışmasına da münasibət bildirdi: "Kimlərsə burada ədalətdən danışaraq kimlərisə təbliğ edir. Digərlərinin fəaliyyətini sıfırlayır. Kiminsə təbliğatını apararkən başqalarının xidmətlərinin üstündən xətt çəkməık olmaz”.
Arif Hacılı Sülhəddin Əkbərin Milli Şuranın legitimliyinin olmaması fikrinə də münasibət bildirdi. Dedi ki, seçki dönəmində hansı partiyaların nə iş gördüyü göz qabağındadır: "Biz digər partiyaları da proseslərdə iştiraka dəvət etsək də onlar bundan imtina etdi”.
A.Hacılı Milli Şuranın yaranan gündən yaşadığı problemləri əsəbi şəkildə dilə gətirərək qurumun digər üzvlərinin "daha böyük birlik yaratmışıq” ifadələrinin ciddi olmadığını bildirdi. Müsavat rəsmisi sərt fikirlərini davam etdirərkən zalda əyləşənlərdən ciddi etirazlar səsləndirildi.
A.Hacılının ünvanına sərt etirazlar bildirilərkən Müsavat Partiyası Divanının üzvü ilə A,Hacılını tənqid edən şəxslər arasında qarşıdurma yarandı. Mübahisə əlbəyaxa davaya çevrildi. Sessiya bu gərginlik içində davam edir.
* * *
Sülhəddin Əkbər daha sərt danışdı: "Mən Rüstəm İbrahimbəyovu açıq şəkildə tənqid edirəm. Belə ciddi bir vaxtda bu addımı atmaq olmazdı. Bu qərarı şəxsən ciddi qarşılamıram. İndiki zamanda Milli Şura üçün həmsədrlik institutunun yaradılması daha məqsədəuyğun olardı”.
* * *
17:44
EL Hərəkatının üzvü Eldəniz Quliyev də çıxış etdi.
Onun dedikləri Milli Şura daxilindəki fikir ayrılıqlarının nə qədər dərin olduğunu göstərdi: "Cəmil Həsənli dedi ki, İbrahimbəyova qarşı təzyiqlər yoxdur. Amma müəyyən təzyiqlər var. Bir az ədalətli olmaq lazımdır. Belə təzyiqlər olmasaydı, biz onun ilk məktubunu müzakirə edərdik. Mən istəyərdim ki, həmsədrlik institutunun yaradılmasını müzakirə edək, amma bu, mümkün deyil. Əli Kərimlinin İbrahimbəyovun fəxri sədr olması təklifini müsbət qiymətləndirmək lazımdır. Xahiş edirəm bu məsələyə hər kəs münasibət bildirsin”.
* * *
17:32
Sessiyada çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, Milli Şura Azərbaycan xalqının mənafeyinə xidmət edən birlik olduğunu sübut edib: "Biz 2013-cü il seçkilərini qazandıq. Amma hakimiyyət saxtakarlıqdan istifadə edərək bunun qarşısını aldı. Biz 2008 və 2010-cu il seçkilərinin nəticələrinə baxaraq unutmamalıyıq ki, o günlərdən bu günə gəlmişik”.
Əli Kərimli Milli Şura yaranandan bu günədək iki şəxsin - Rüstəm İbrahimbəyovun və Cəmil Həsənlinin xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdırdı. İlk əvvəl İbrahimbəyovun istefası ilə razılaşmaq istəmədiyini, lakin onun fikirlərinə hörmət etdiyini dedi. Əli Kərimli Cəmil Həsənlinin sədrliyini təklif edərək İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasını təklif etdi. AXCP sədri sosial-iqtisadi məsələlərin Milli Şuranın prioritet məsələlərindən biri olduğunu və qiymət artımları ilə bağlı etiraz aksiyalarının keçirilməsinin vaxtının yetişdiyini bildirdi. ACP sədri Sülhəddin Əkbər isə AXCP sədrinin dedikləri ilə razılaşmayıb izahat tələb etdi. O dedi ki, Rüstəm İbrahimbəyovun istefa verməsinin əsas səbəbi açıqlanmalıdır: "İbrahimbəyov ilk əvvəl həmsədrlik institutunun yaradılmasını təklif etdi, sonra isə sədrlikdən istefa vermək istədiyini dedi. Bunun əsas səbəbi nədir? Nə baş verir? Bunun açılaması verilməlidir”. Qeyd edək ki, S.Əkbər AXCP ilə Müsavatın Milli Şuradakı dominantlığını ilk gündən qəbul etmir. Onun bu mövqeyi qurumun digər sessiyalarında da müşahidə olunub. ACP sədrinin İbrahimbəyovun sədrlikdən gedişinə belə əsəbi reaksiyası da təsadüfi deyil.
C.Həsənli S.Əkbərin tələbinə cavab olaraq bildirdi ki, İbrahimbəyov Bakıya gələ bilmədiyindən Milli Şuraya kiminsə sədrlik etməsinin vacib olduğunu deyirdi: "Konkret olaraq məni təklif edirdi. Amma mən bu yükün altına girmək istəmirdim. Sonra o, həmsədrlik institutunun yaradılması məsələsini ortaya atdı”. C.Həsənli sonrakı danışıqlarında İbrahimbəyovla razılaşdığını və bu yükün altına girməyə hazır olduğunu dedi. O, qeyd etdi ki, İbrahimbəyovun istefa verməsinin arxasında heç bir təzyiq yoxdur. C.Həsənli indi də burada olduğunu və bu vəzifəni yerinə yetirməyə hazır olduğunu söylədi.
* * *
17:22
Ukraynada yaşanan hadisələri inqilab adlandıran Cəmil Həsənli orada öz taleyini həll etmək üçün mübarizə aparan insanlara dəstək olduqlarını, yaşanan hadisələrdə qan tökülməsini, insanların ziyan görməsini pislədiklərini bildirdi.
Milli Şura Ukraynada yaşananlarda meydanlarda olan xalqı dəstəkləyən bəyanat qəbul etdi. Professor Cəmil həsənli İbrahimbəyovun Milli Şuraya müraciətini diqqətə çatdırdı. C.Həsənli söylədi ki, İbrahimbəyov Milli Şuradan yox, sədrlikdən gedir və bundan sonra da fəaliyyətini davam etdirəcək: "Onun bu addımı Azərbaycanda yeni dalğanın yaranmasına səbəb oldu. Müxalifətin birləşib birgə mübarizə aparmasını təmin etdi”.
Son qiymət artımından danışan Cəmil Həsənli bildirdi ki, bu bahalaşdırma qərarı xalqın cibinin talan edilməsi, onsuz da çətin olan vəziyyətinin daha da çətinləşdirilməsidir.
Ukraynada yaşananlara münasibət bildirən C.Həsənli qeyd etdi ki, Azərbaycanın seçimi Şərq Tərəfdaşlığına qoşulmaq, Avropaya inteqrasiya olmalıdır. Avropaya inteqrasiyanı seçən və quruma tamhüquqlu assosiativ üzv olan Gürcüstanı misal gətirən C.Həsənli əlavə etdi ki, Gürcüstanda yaşananların Azərbaycanda da olması labüddür.
* * *
16:52
Cəmil Həsənli Milli Şuranın noyabr ayında sessiya keçirə bilməməsinin səbəbi kimi qurum üzvlərinin bəzilərinin ölkə xaricində olmasını, siyasi məhbusların məhkəmələrinin arda-arda olmasını və qurum üzvlərinin həmin məhkəmələrdə iştirak etməsini göstərdi.
O bildirdi ki, seçkilərdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq nüfuzlu xarici mətbuat orqanları və beynəlxalq təşkilatlarda Azərbaycanda keçirilən seçkilərin nəticələri ilə bağlı müzakirələr aparılır, fikirlər qeyd edilir, seçkilərin saxtalaşdırılması ilə bağlı yeni materiallar müzakirəyə çıxarılır. C.Həsənli bildirdi ki, Eldar Namazov Milli Şuranın Aparat rəhbərliyindən getmək istəyir və bununla bağlı Rüstəm İbrahimbəyovla bu məsələni müzakirə edib: "Eldar Namazov Aparat rəhbərliyindən istefa verib. O, bunu könüllü şəkildə edib”.
* * *
16:41
Sessiyada çıxış edən Milli Şuranın keçmiş prezidentliyə namizədi Cəmil Həsənli bildirdi ki, sessiyanın gündəliyinə daxil olan məsələlər İbrahimbəyovun Milli Şura üzvlərinə göndərdiyi müraciət, qurumun fəaliyyət istiqaməti ilə bağlı hazırlanan layihənin müzakirəsi və cari məsələlərdir.
C.Həsənli qiymətlərin qalxması ilə bağlı etiraz aksiyalarının keçirilməsi təklifini də qəbul etdi. O, bunun da müzakirə olunacağını və buna ehtiyacın olduğunu bildirdi.
* * *
16:09
Bu dəqiqələrdə Milli Şuranın növbəti sessiyası öz işinə başlayıb.
AXCP-nin qərargahında keçirilən sessiyanın gündəminin əsas müzakirə mövzusu Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefası olacaq.
Virtualaz.org saytının AXCP-nin qərargahında sessiyanın gedişini izləyən əməkdaşı xəbər verir ki, sessiyada qiymət artımları ilə bağlı müzakirələr də olacaq və qurumun etiraz mitinqləri keçirməsi ilə bağlı qərar qəbul ediləcək. Milli Şuranın tərkibində islahatların da aparılması gündəmin müzakirə mövzularından biri olacaq./Virtualaz.org/
.
