"Milli Şuradan istefaların seçkidən sonra baş tutmasını seçki ilə əlaqələndirə bilmərəm. Bu mənim maraq dairəmə aid deyil. KXCP-dən Milli Şuranı tərk edən olmayıb. Olacaqsa, belə bunu təbii qarşılayacağıq”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. Mirmahmud Mirəlioğlu deyib ki, istefaların səbəbləri Milli Şuranın sessiyasında dəyərləndirilib: "Hesab edirəm ki, harda və necə baş verməsindən asılı olmayaraq istefalara da normal baxmaq lazımdır”.

KXCP sədri təmsil olunduğu qurumun gələcək fəaliyyətindən də danışıb. "Milli Şuranın perspektivi növbəti baş tutacaq sessiyada müzakirə olunmalıdır. Biz KXCP-də bu istiqamətdə İdarə Heyətində müzakirələr aparmışıq. Konkret olaraq təkliflərimiz də olacaq. Keçilən yola bir daha ətraflı qiymət vermək lazım olacaq. Sessiyada təklif etdik ki, mediasız tənqidi müzakirələr olsun. Milli Şuranın gələcək fəaliyyəti müzakirə olunmalıdır. Yəni Şura qarşıdan gələn bələdiyyə və parlament seçkilərində necə iştirak etməlidirmi? Bir arada olacağıqmı? Seçkinin nəticələri ilə bağlı daha hansı mübarizə yolları seçilməlidir? kimi mövzular müzakirə olunmalıdır” –deyə sədr vurğulayıb.
.