"Milli Şuranın yaranma formatı, məqsəd və vəzifələri nəzərdə tutulduğu kimi həyata keçirilə bilmədi. Təəssüflər olsun ki, Milli Şura hansısa partiyanın prinsiplərinə xidmət kimi dəyərləndirildi. Hər kəs müəyyən qədər öz prinsiplərindən kənara çəkilərək, uyğun formatda, Milli Şurada birləşməli idi. Lakin belə olmadı, nəticədə bir çox ictimai xadim, tanınmış ziyalı bu quruma daxil olmaqdan imtina etdi. Azərbaycanda ənənəvi müxalifət var, 25 ildə sadəcə, müxalifətçiliyi monopoliyaya götürüb. Bu qüvvələr heç də sivil qaydada hakimiyyət uğrunda mübarizə aparmır, kimin daha çox ana müxalifət olmaq, daha çox söz sahibinə çevrilmək uğrunda bir-biri ilə didişir. 25 illik Azərbaycan ictimai-siyasi həyatı göstərdi ki, ölkədə hakimiyyətlə mübarizə aparacaq ciddi siyasi qurum yoxdur. Təklikdə isə heç bir partiya buna nail ola bilməyəcək”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri, "El” Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Əhmədli deyib.
R. Əhmədli Milli Şuranın başqa məqsədlərlə yaradıldığını, lakin sonradan bir qrup iddialı siyasi partiyalar tərəfindən qurumun həqiqi mahiyyətinin dəyişdirildiyini qeyd edib: "Milli Şura Azərbaycanda ictimai-siyasi palitranın bütün çalarlarının iştirakı ilə işlək bir qurum olmalı idi. Qurumun əsas vəzifəsi heç də yalnız prezident seçkilərinə hesablanmamışdı. Milli Şura Azərbaycanda demokratik və dinc yolla hüquqi dövlət quruculuğuna keçidin təmin olunması üçün birgə fəaliyyət forması idi. Təəssüf ki, bəzi siyasi qurumlar sadəcə ictimai qınağa tuş gəlməsinlər deyə, qeyri-səmimi olaraq, bu quruma daxil oldu. Sonra isə müəyyən şərt və iddialar irəli sürməyə başladılar. Bu iddialar əsasında da konsensus əldə etmək, ortaq məxrəcə gəlmək mümkün olmadı. Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri və fəxri sədrliyindən istefası qurumda ciddi problemlər yaratdı. Bu gün Milli Şurada yaranmış böhrana qurumdakı siyasi partiyaların iddiaları səbəb olub. Əvvəllər də bu cür idi. Prinsiplərdən geri çəkilərək, kimlərinsə layiq olmadıqları iddialarını reallaşdırmaqdan ötrü meydan verəndə, axırı bu cür olmalı idi”.
"El” funksioneri bildirib ki, təmsil etdiyi hərəkatın Milli Şurada qalıb-qalmaması aparılan müzakirələrdən sonra məlum olacaq”.
.