Milli Şuranın sessiyası növbəti dəfə təxirə salınıb.
Milli Şuradan AzNews.az-a bildirilib ki, sessiyanın keçirilməsi ilə bağlı müzakirələrdə fikir ayrılığı yaranıb.
Müzakirələr zamanı qurumda təmsil olunan iri təşkilatların rəhbərləri sessiyanın gündəliyi ilə bağlı məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Əsas mübahisələr Milli Şuranın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair müddəaların müzakirəsində ortaya çıxıb:
"Qurumun rəhbər strukturunda dəyişiklik edilməsi – həmsədrlik institutunun yaradılması, yaxud da Rüstəm İbrahimbəyovun istefaya göndərilməsi təklifləri Milli Şuranın rəhbərlərinin keçirdiyi yığıncaqda çözülməsi mümkün olmayıb. Qurumun noyabrın 30-da keçirilməsi nəzərdə tutulan sesiyasının baş tutmamasının kökündə də bu fikir ayrılığı dayanıb”.
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli isə açıqlamasında qurum daxilində yaranan fikir ayrılığının kəskin şəkil aldığını deməsə də, Milli Şuranın bu həftə keçirilməsi nəzərdə tutulan sessiyasının təxirə salındığını təsdiq edib. Onun sözlərinə görə, sessiyanın gələn həftə keçirilməsi nəzərdə tutulub.
.