"El” hərəkatının Milli Şuranın sabah keçiriləcək sessiyasında qurumdan çıxacağı barədə xəbərlər yayılıb. Xəbərdə deyilir ki, "El” hərəkatı Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefasını istəmir. İstefa qəbul olunacağı halda "El” təmsilçiləri Milli Şuradan çıxa bilərlər. Bir sıra saytlarda yayılan bu xəbərin nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün "El”in rəhbəri Eldar Namazovla danışdıq. Hazırda Kiyevdə olduğunu bildirən E.Namazov qeyd etdiyimiz xəbərlərlə bağlı konkret fikir söyləmədi: "Bu gün skayp vasitəsilə "El” hərəkatının üzvləri ilə müzakirələrim olacaq. Onların mövqeyini öyrənəcəyəm. Mən hesab edirəm ki, "El” hərəkatı Milli Şuranın sessiyasında hansı mövqe tutacağı, hansı təkliflərlə çıxış edəcəyini müzakirələrlə ümumi razılıq əsasında qərarlaşdırmalıdır. Sessiyyada da ümumi mövqeyimiz ifadə olunmalıdır. Bu mövqenin necə olacağı günün sonunadək dəqiqləşəcək. Kiyevdə bir neçə günlük tədbirə qatılmağım səbəbindən təəssüf ki, şəxsən özüm Milli Şuranın sessiyasına qatıla bilməyəcəyəm. Amma "El” hərəkatının, o cümlədən mənim mövqeyimi, təkliflərimizi təmsilçimiz sessiyaya təqdim edəcək. İnanıram ki, heç bir problem olmayacaq”.
.