Azərbaycanda COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına ciddi və məsuliyyətlə əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində iyul ayından yoluxma hallarının kəskin azalmasına və stabilləşməsinə nail olunub. Bu sözləri Yenizaman.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. 
Anar Məmmədov qeyd edib ki, görülən əks epidemik tədbirlərin səmərəliliyi nəticəsində xəstəxanalarda olan aktiv koronavirus xəstələrinin, eləcə də reanimasiya şöbələrində olan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı kifayət qədər azalıb. Lakin Azərbaycanda vəziyyət nəzarət altında olsa da, yoluxma saylarındakı stabillik əhalini arxayınlaşdırmamalı, virusun yox olması kimi anlaşılmamalıdır.
Əfsuslar olsun ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ötən gün koronavirus (COVID-19) infeksiyasına yeni 530 yoluxma faktı qeydə alındı ki, bu, artıq yenidən cəmiyyətimiz üçün növbəti həyəcan təbilidir. 
İndi koronavirusla mübarizənin yeni mərhələsindəyik. Neçə vaxtdır virusla mübarizə apararaq, addım-addım onu yox etməyə doğru irəliləyirik. Həyatımızın normal məcraya düşməsinə çox az bir zaman qalıb. Və bunun tez bir zamanda olması isə birbaşa vətəndaşlarımızın sosial məsuliyyətindən və qoyulan qaydalara riayət etməsindən asılıdır. Unutmaq olmaz ki, biz cəbhədə mənfur düşmənlə mübarizə apardığımız bir zamanda cəmiyyətimiz, dünyamız üçün qlobal təhlükə olan koronavirus infeksiyası ilə də mübarizə aparırıq. Bu gün şanlı ordumuza dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması işinə layiqli töhfəsini verməlidir. Çünki bu məqamda biz fədakar həkimlərimizin əməyini də yaddan çıxartmamalıyıq. Artıq 10 aya yaxındır ki, həkimlərimiz, o cümlədən, orta və kiçik tibb personalı bütün dünyanı bürümüş koronavirusla mübarizədə ön cəbhədə vuruşurlar. Bu gün isə Azərbaycan həkimi düşmənlə səngərdə dayanan igid Azərbaycan oğullarını müalicə etmək  üçün fədakarlıq nümayiş etdirirlər. Buna görə də belə bir zamanda hər kəs məsuliyyətli olmalı, tibbi maska taxmalı, sosial məsafəni gözləməli və həkimlərimizi yenidən koronavirus infeksiyası ilə mübarizə üçün arxa cəbhəyə çağırmamalıdır. 
    Əgər Azərbaycan əsgəri şərəf və ləyaqətlə çətinlik demədən torpaqlarımızın müdafisəi uğrunda böyük iradə və əzm nümayiş etdirirsə, hər bir Azərbaycan vətəndaşı da özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməli, bununla da şanlı qələbəmizə hər kəs öz dəstəyini ifadə etməlidir. 
 

.