Qaraciyər serrozundan əziyyət çəkən jurnalist, Qarabağ müharibəsi veteranı Müslüm Məmmədovun müalicəsi ilə bağlı Mətbuat Şurasının Səhiyyə Nazirliyinə müraciəti araşdırılır. Bu barədə "Yeni Müsavat”a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Ə.Amaşov bildirib ki, jurnalistin müalicəsi ilə bağlı məsələ nəzarətdə saxlanılır.
Sitat: "Səhiyyə Nazirliyinə müraciət etmişik. Bizə bildiriblər ki, hazırda bu məsələyə Səhiyyə Nazirliyində baxılır. Mütəmadi olaraq onlarla əlaqə saxlayırıq, şəxsən bu gün (dünən-red.) əlaqə saxladım. Mənə dedilər ki, hazırda müraciət araşdırılır. Yəqin ki, yaxın günlərdə cavab veriləcək”.
Şura sədri hələlik jurnalistin müalicəsi ilə bağlı digər instansiyalara müraciət olunmadığını bildirdi. Bu məsələyə Səhiyyə Nazirliyinin cavabından sonra baxıla bilər: "Səhiyyə Nazirliyi ölkənin əsas tibb qurumudur, müraciət etmişik, onlardan cavab gözləyirik. Nəticə məlum olandan sonra baxacağıq ki, hansı addımları atmaq olar”.
Müslüm Məmmədov 1973-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, erməni qəsbkarlarına qarşı digər döyüş yoldaşları kimi sona qədər vuruşub. BDU-nun Sosial elmlər fakültəsini bitirib. "Vətəndaş həmrəyliyi”, "Xalq çəbhəsi”, "Üç nöqtə”, "Yeni zaman”, "Vəhdət”, "Neytral”, "Azərbaycan naminə”, "Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib.
2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə alandan sonra 2011-2012-ci illərdə İranda da müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qaraciyər serrozu baş verib. Bunun müalicəsinin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər.
Müslüm Məmmədovun müalicəsi ilə bağlı bir qrup jurnalist ölkə başçısına müraciət edib.
.
