İspaniya "Barselona"sının futbolçusu Lionel Messinin ayrılıq qərarının səbəbləri məlum olub. 

33 yaşlı hücumçu yekun qərarını Kataloniya təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanla görüşündən sonra qəbul edib. 

57 yaşlı mütəxəssis komandada heç kimin imtiyaz sahibi olmayacağını və heç kimə üz verilməyəcəyini söyləyib. Argentinalı oyunçu baş məşqçi ilə danışdıqdan sonra komandanı tərk etmək qərarına gəldiyini bildirib. 

"Mundo Deportivo"un məlumatına görə, Messinin qərarına "Barselona"nın onun dostu Luis Suaresdən yaxa qurtarmaq istəyi də təsir göstərib. Hər iki oyunçu Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzduqları matçdan sonra klubu tərk etmək barədə düşünüb. 

Digər mənbələr ulduz futbolçunun klub rəhbərliyi və xüsusən də prezident Xosep Bartomeu ilə qarşıdurmasının olduğunu yazır. Bildirilir ki, o, yalnız prezident istefa verəcəyi təqdirdə komandada qalacaq. Bartomeu isə klubdan gedəcəyinə dair xəbərləri təkzib edib. 

Forvardın klub rəhbərliyinə inamsızlığını bəyan etdiyi də iddia edilir. Messi hazırkı funksionerlərin vəziyyəti yaxşıya doğru dəyişdirə biləcəyinə və rəqabət qabiliyyətli komanda yaratmağa qadir olmadıqlarına inanır. Argentinalı oyunçu rəhbərliyi bəzi futbolçulara qarşı hörmətsiz münasibətdə günahlandırır. 

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib. Messinin karyerasını İngiltərənin "Mançester Siti", İtaliyanın "İnter" və "Yuventus" klublarından birində davam etdirə biləcəyi iddia olunur. 

.