Çempionlar Liqasının qrup mərhələsinin V turunda Hayfa “Makkabi”si ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Komandasının 7:2 hesablı qələbəsinə 2 qol, 2 assistlə töhfə verən argentinalı superulduz qeyri-adi rekorda imza atıb.

35 yaşlı futbolçu bu turnirdə 23-cü dəfə cərimə meydançasından kənardan fərqlənib. Bununla o, “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldonu (22 qol) geridə qoyaraq, rekordu ələ keçirib.

Argentinalı eyni zamanda bir matçda 2 qol, 2 assstə imza atan ən yaşlı oyunçu olub. Leo bunu 35 yaş 123 günlüyündə reallaşdırıb. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında “Barselona”da olarkən “Valyadolid”lə (5:1) çempionat matçında buna nail olub.

Eyni zamanda Messi peşəkar karyerası ərzində 1127 qolda yaxından iştirak edib - 784 qol, 343 assist. O, bununla əfsanəvi braziliyalı Pelenin (762 qol, 365 assist) dünya rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 11 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

.