Hollivud aktyoru Cim Kerri keçmiş sevgilisi Katrion Uaytı öldürməkdə ittiham olunur. 

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Uaytın keçmiş həyat yoldaşı Mark Berton 54 yaşlı aktyor barədə məhkəməyə müraciət edib. O bildirib ki, Kerri ulduz adından və maliyyə imkanlarından istifadə edərək güclü asılılıq və hətta ölümə səbəb olan dərman preparatlarının qanunsuz alınması və yayılmasında iştirak edib. 

Breton iddia edir ki, Kerri yalnız həkim resepti əsasında satılan dərmanı Artur Kinq adına alıb və onu Uayta ötürüb.Bundan sonra isə aktyor törətdiyi əməli gizlətməyə çalışıb.

Breton həmçinin iddia edir ki, aktyor Uaytın depressiyadan əziyyət çəkdiyini və daha öncə intihara cəhd etdiyini bilib. 

Cim Kerri isə sözügedən iddiaları təkzib edib. Məhkəmə iddiasını "dəhşətli biabırçılıq” adlandıran aktyor pul qazanmaq üçün özündən və sevdiyi qadından istifadə olunmasına imkan verməyəcəyini qeyd edib. Həmçinin Kerri Uaytın onların münasibətindən öncə psixoloji problemlər yaşadığını bildirib.

Xatırladaq ki, 30 yaşlı Katrion Uayt bir il öncə Los Ancelesdəki evində ölü tapılıb. İstintaq onun həddindən artıq dərman içməklə intihar etməsi barədə qənaətə gəlib.

Onu da bildirək ki, Kerri və Uayt 2012-ci ildə görüşməyə başlayıblar. Amerika tabloidi TMZ-nin məlumatına görə, cütlük Uaytın ölümündən 1 həftə öncə ayrılıb. Lakin Uaytın keçmiş həyat yoldaşı Mark Berton bu münasibətin sona qədər davam etdiyini iddia edir.







 


.