Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin press-relizi

27 oktyabr 2014-cü il tarixində haqqin.az internet səhifəsində «Поладу Бюльбюль оглы поручили работать с Саргсяном» başlıqlı məqalə çap edilmişdir. Bildirmək istərdik ki, məqalədə həqiqətə uyğun olmayan məlumatlar yer almışdır.
Belə ki, əslində cari ilin 26 oktyabr tarixində Moskva şəhərində MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlığı üzrə Dövlətlərarası Fondunun (DHƏF) İdarə heyətinin və MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlığı üzrə Şurasının (HƏŞ) birgə iclası keçirilmişdir. DHƏF və HƏŞ MDB məkanında humanitar əməkdaşlıq sahəsində fəaliyyət göstərən iki ayrı-ayrı qurumdur.
DHƏF-in nizamnaməsinə görə, onun İdarə heyətinin sədri iki illik müddətinə seçilir. Səfir Polad Bülbüloğlu ilk dəfə 2010-cu ildə, ikinci dəfə isə 2012-ci ildə DHƏF-in İdarə heyətinin sədri vəzifəsinə seçilmişdir. Cari il 26 oktyabr tarixində keçirilmiş iclasda Polad Bülbüloğlu yenidən Fondun İdarə heyətinin sədri vəzifəsinə seçilmiş və beləliklə onun səlahiyyət müddəti daha iki il uzadılmışdır.
HƏŞ-ə gəldikdə isə qeyd olunmalıdır ki, 2007-2010-cu illər dövrü ərzində Cahan Pollıyeva (RF), 2010-2012-ci illərdə Saymurod Fattoyev (Tacikistan), 2012-2014-cü illərdə isə Oleq Proleskovski (Belarus) hər il keçirilən seçkilər yolu ilə Şuranın sədri vəzifəsini icra etmişdirlər. HƏŞ-in qaydalarına görə, sədrlə yanaşı, həmçinin onun həmsədri də seçilir. Cari ilin 26 oktyabr tarixli iclasında, Oleq Proleskovskinin Belarusda başqa vəzifəyə təyin olunması ilə əlaqədar onun HƏŞ-in sədri qismində digər namizədlə əvəz olunması zərurəti yaranmış və HƏŞ-də sözügedən vəziyə Ermənistan Respublikası prezidentinin Aparatının rəhbəri Vigen Sarqsyan seçilmişdir. Eyni zamanda, ümumi razılığa əsasən, həmsədr qismində Qazaxıstan Respublikasının Mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı təyin edilmişdir.
Yuxarıda qeyd olunanlarla bağlı Azərbaycan xəbərlər agentliklərində, o cümlədən geniş auditoriyaya malik haqqin.az internet səhifəsində çalışan jurnalistlər tərəfindən hazırlanan materialların dəqiqləşdirilmədən dərc edilməsi və faktların təhrif olunması oxucularda yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Bu baxımdan belə diqqətsiz yanaşma hallarının aradan qaldırılmasını vacib hesab edirik.
.