“Artıq ixtisas seçiminə start verilib. Bütün mərhələlərdə çalışırıq ki, abituriyentlərin yanında olaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, bununla bağlı çoxlu materiallar çap edilir: “Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər onlara ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır. Hər bir qrupda müxtəlif ixtisaslar var”.

M. Abbaszadə qeyd edib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın: “Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.

M. Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçiminə başlamamış 4 nömrəli jurnaldan müvafiq qrupa aid olan ixtisasları seçib siyahı tutmalıdır: “Ola bilər bu siyahı 15 ixtisasdan daha çox və ya az olsun. Amma bu siyahını əvvəldən tutub bunun üzərində fikirləşin. Düşünün ki, hansı şəhərdə ali təhsil almaq istəyirsiniz. Təhsili ödənişli, ya ödənişsiz şəkildə almaq imkanınız olduğunu düşünün”. “

M. Abbaszadə qeyd edib ki, indiyə qədər ödənişli ixtisas yazdığı halda məcburi köçkün və qaçqınlar təhsil haqqından azad olunurdular: “İndi isə bu il bir neçə qrup Azərbaycan vətəndaşı da təhsil haqqından azad olunub. Şşəhid ailələri, valideyn himayəsindən məhrum olanlar, I və II dərəcəli əlil şəxslər, sağlamlıq imkanları məhdud şəxslərin təhsil haqlarını dövlət öz üzərinə götürüb. Bu ildən Tələbə Kredit Fondu yaranıb. Qeydiyyat zamanı bu imkandan yararlanmaq istəyən Fonda müraciət edə bilər”.

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

“Avqustun 30-da ixtisas seçimi başa çatacaq, 3-4 gün ərzində yoxlamalar bitəndən sonra ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 5-6-sı olacaq”.

Məleykə Abbaszadə: "III qrupda reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq"

“III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Keçən il isə bu, 555 nəfər idi”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. Onun sözlərinə görə, bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq: “Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”.

M. Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq. “150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.

DİM sədri: "İxtisası düzgün seçsələr, II qrupda 150-dən yuxarı bal toplayanlar ali məktəbə qəbul ola bilərlər"

“Əgər ixtisası düzgün seçsələr, II qrupda 150 baldan yuxarı nəticə göstərənlərin ali məktəbə qəbul olma şansı yüksəkdir”. 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, subbakalavrların da II qrupda qəbul olma şansı yüksəkdir, çünki hazırda onlar da müsabiqədə iştirak edirlər: “Amma onların III qrupda qəbul olma şansı kifayət qədər aşağıdır. Həmçinin dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir”.

DİM sədri deyib ki, II qrupda 200 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə qəbul olma şansı var: “III qrupda isə 420-430 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansı var”.


 

.