Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib.
M. Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib.
Təqdimat bu gün "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.
Birinci xanım Mehriban Əliyeva çıxış edərək, bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.
Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edilib və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olunub.
Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olunub.
Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə Azərbaycan Prezidentiİlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
