Ötən gün Eynulla Fətullayevin mətbuata yaydığı "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə media və ictimai xadimlərin casusluq fəaliyyəti ilə bağlı məlumatlar açıqlanıb. Məqalədə "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin də adı çəkilir. Xədicə İsmayılovanın Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına təqdim etdiyi hesabatına görə, Eynulla Fətullayev məqalədə qeyd edir ki, Mehman Əliyev Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Məqalədə həmçinin Mehman Əliyevin radikal müxalifətçi rolunda Babək Muradova informasiyaları sızdırması bildirilir.
"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Fakt Xəbər-ə məqalənin gözdənsalmaq məqsədi ilə yazıldığını deyir. M.Əliyev ona Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Analitik İdarəsinin rəisi vəzifəsi təklif olunduğunu və bu təklifdən imtina etdiyini də vurğulayıb. Jurnalist Mehman Əliyev məqalənin onunla əlaqədar hissəsində ziddiyyətin olduğunu qabardaraq bildirib ki, yazının bu hissəsi məntiqsiz və gülüncdür:
"Eynulla Fətullayev məqalədə qeyd edir ki, mən Azərbaycanda ABŞ və Ukraynalılarla inqilab etmək istəyirəm. Digər tərəfdən isə deyir ki, guya, mən hakimiyyətə işləyirəm. Bu ziddiyyətin məqalədə öz əksini tapması həqiqətən məntiqsizlik və gülüncdür. Məqalədə adı çəkilən Babək Muradovu tanıyıram. Bu o demək deyil ki, mən onunla əməkdaşlıq edirəm.”
.
